Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.08.2021 10:43
  • A-
  • A
  • A+

“XXI əsr humanitar və ictimai elmlərdə yeni cərəyanlar” mövzusunda I beynəlxalq konfrans keçirilib

“XXI əsr humanitar və ictimai elmlərdə yeni cərəyanlar” mövzusunda I beynəlxalq konfrans keçirilib

3-6 avqust tarixlərində Akademik Araşdırma və Siyasətin İnkişafı Fondu (İslamabad, Pakistan), Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Türkiyənin Üsküdar Universiteti və Pakistanın Khvaja Fərid Universitetinin birgə əməkdaşlığı ilə “XXI əsr humanitar və ictimai elmlərdə yeni cərəyanlar” mövzusunda birinci beynəlxalq konsfrans keçirilib.

Hər üç ölkənin qabaqcıl elm mərkəzləri və universitetlərinin alim və professor heyətinin iştirakı ilə təşkil olunan konfransda müasir dövrdə humanitar və ictimai elmlərdə yeni metodologiya və cərəyanlar, COVID-19 pandemiyası, koronavirusun sosial-iqtisadi və siyasi sahəyə vurduğu zərərlər, fəlsəfi, teoloji, ekoloji, iqtisadi, dini və siyasi aspektlər geniş müzakirəyə çıxarılıb. Beynəlxalq tədbirdə 15 ölkədən 200-ə yaxın gənc tədqiqatçı və alim öz məruzələrini təqdim ediblər.

Konfransın ilk gününə ev sahibliyi edən Pakistan tərəfdən Akademik Araşdırma və Siyasətin İnkişafı Fondunun direktoru, Şəhid Bənazir Bhutto Universitetinin iqtisadiyyat üzrə fəlsəfə doktoru Əhməd Raza əl-Mustafa və Khvaja Farid Universitetinin prorektoru prof., Dr. Süleyman Tahir çıxış edərək iştirakçıları salamlayıblar.

Daha sonra hər üç ölkədən əsas mühazirəçilər - İslam Araşdırmaları İnstitutunun direktoru prof., Dr. Məhəmməd Ziyaul-Haqq (Pakistan), Üsküdar Universitetinin yaradıcısı və rektoru prof., Dr. Nevzat Tarhan (Türkiyə) və Fəlsəfə və Sosiologiya İnstitutunun İslam Fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə öz məruzələrini təqdim ediblər.

Konfransın ikinci gününə ev sahibliyi edən Azərbaycan tərəfdən açılış nitqi ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əvvəlcə meşə yanğınları ilə əlaqədar türkiyəli alim və professor heyətinə başsağlığı verib, daha sonra 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın rolunu xüsusilə vurğulayıb və ölkəmiz adından dərin minnətdarlığını bildirib. Məruzəçi hazırda 3 qardaş ölkə arasında mövcud olan siyasi və sosial-iqtisadi münasibətlərə diqqət çəkərək bu münasibətlərin hər üç ölkənin davamlı inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra digər ölkələrdən olan əsas çıxışçılar – Üsküdar Universitetinin Fəlsəfə kafedrasının müdiri prof., Dr. İbrahim Özdəmir (Türkiyə), İslam İqtisadiyyatının Beynəlxalq İnstitutunun baş direktoru, prof., Dr. Abdur Rəşid (Pakistan) öz məruzələrini təqdim ediblər. İclasa moderatorluğu AMEA-nın aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dos. Anar Qafarov edib.

İclasın sonuncu günü ev sahibliyi edən Türkiyə tərəfdən əvvəlcə İbrahim Özdəmir iştirakçıları salamlayıb, daha sonra Cənubi Asiya Universitetinin Menecment elmləri fakültəsinin dekanı,  prof., Dr. Suleman A.Lodhi (Pakistan), Asiya Fəlsəfə Assosiasiyasının prezidenti, prof., Dr. Alparslan Açıqgənc (Türkiyə), Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dos., Dr. Aqil Şirinov öz məruzələri ilə çıxış ediblər.

Tədbir çərçivəsində akademik İsa Həbibbəyli “Pandemiya dövründə beynəlxalq əməkdaşlıq və dialoqun rolu”, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Müasir fəlsəfə: ideallar və reallıq” və dosent Aqil Şirinov “İslam ilahiyyatının tədqiqində metodoloji problemlər” mövzusunda məruzələrlə çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, Dr. Məhəmməd Şahid Həbibin sədrliyi ilə 2020-ci ildə yaradılmış Akademik Araşdırma və Siyasətin İnkişafı Fondunun (Pakistan) məqsədi üç ölkə arasında elmi əməkdaşlığı daha da artırmaqdır. Fondun ilk konfransının Azərbaycanda təşkil edilməsi qərara alınsa da, pandemiya səbəbindən iclas vebinarla əvəz olunmuşdu. Fondun Azərbaycan tərəfdən təmsilçisi və beynəlxalq məsləhətçisi AMEA-nın müxbir üzvü Könül Bünyadzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: