Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.08.2021 09:54
  • A-
  • A
  • A+

Şamaxı astrofizika rəsədxanasının inkişaf konsepsiyası və prioritetləri müzakirə olunub

Şamaxı astrofizika rəsədxanasının inkişaf konsepsiyası və prioritetləri müzakirə olunub

AMEA-nın Fizika - Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə aparılan kompleks islahatlar, ölkəmizin dövlət siyasəti və milli maraqları, habelə kosmik sənayenin nailiyyətləri fonunda Azərbaycan alimlərinin qarşısında duran prioritet vəzifələrin icrasını, dünya elmində gedən proseslərə, müasir çağırışlara adekvat olaraq araşdırılan aktual elmi-nəzəri, praktiki problemləri və digər mühüm məsələləri daim diqqət mərkəzində saxlayır.

Bu məqsədlə, FRTEB-nin ümumi yığıncağının növbəti onlayn iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun və icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun “Şamaxı Astrofizika Rəsədxanasında astronomik müşahidələr: imkanlar, beynəlxalq əməkdaşlıq və perspektivlər” haqqında elmi məruzəsi dinlənilib.

Öncə AMEA-nın müxbir üzvü Namiq Cəlilov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə adıçəkilən elmi müəssisənin mümkün töhfələri, onun ölkəmizdə yaxın kosmosun, kosmik fəzanın və ətraf mühitin tədqiqinin aparılması üçün əsaslı texniki imkanlara, real coğrafi mövqeyə və elmi kadr potensialına malik olmasından danışıb. Rəsədxananın dünyanın bir çox ölkələrinin aparıcı elmi təşkilatları ilə birgə həyata keçirdiyi tədqiqatlardan söz açıb.

Baş direktor yaxın gələcəkdə ŞAR-da kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yerüstü poliqonlarda aparılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında atmosferin kimyəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən monitorinqinin keçirilməsi, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi tədqiqat planlarına diqqət çəkib.

Alim AMEA-nın 27 may 2021-ci il tarixli ümumi yığıncağının müvafiq qərarı ilə ŞAR-ın qarşısında qoyulan prioritet vəzifələrə də toxunub. Onun sözlərinə görə, Rəsədxananın alimlərinə Azərbaycanda kosmik sənayenin inkişafı üzrə dövlət proqramına müvafiq olaraq astrofizikanın müasir problemlərini əhatə edən uzaq kosmosun fizikası ilə yanaşı, yerətrafı fəzanın fundamental-praktiki problemlərinin həllinə yönəlmiş yaxın kosmosun aktual məsələlərinin tədqiq olunması tapşırılıb.

ŞAR-ın baş direktoru vurğulayıb ki, son illərdə əldə edilmiş uğurları daha da artırmaq və Azərbaycanda astronomiyanın dünya elminin ən qabaqcıl səviyyələrinə çıxması üçün Rəsədxananın böyük potensial imkanları mövcuddur. Rəsədxananın yerləşdiyi təbii coğrafi mövqe göy sferinin həm cənub, həm də şimal səmasının kifayət qədər geniş sahəsini müşahidə etməyə imkan verir. Bunun üçün Rəsədxanada mövcud olan cihaz parkının müasirləşdirilməsi, teleskopların idarə sisteminin avtomatlaşdırılması və onların beynəlxalq teleskoplar şəbəkəsinə qoşulmasını təmin etmək zəruridir.

Namiq Cəlilov vurğulayıb ki, hazırda dünyanın əksər aparıcı astronomik elmi mərkəzləri atmosferdənkənar müşahidələri həyata keçirən kosmik missiyalara qoşulublar və yaradılmış beynəlxalq konsorsiumlarla əməkdaşlıq edirlər. Onun sözlərinə görə, ŞAR-da da bu istiqamətdə ilk addımlar atılıb. Lakin bu prosesin daha da genişlənməsi Rəsədxananın elmi cihaz bazasının yenilənməsi ilə birbaşa bağlıdır. Bu sahədə atılacaq addımlar beynəlxalq əlaqələrin ciddi şəkildə artmasına və elmi fəaliyyətin keyfiyyətcə yüksəlməsinə kömək edə bilər.

Alim, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm kompüter şəbəkəsinin resurslarından istifadə etməklə ŞAR-da mövcud olan və bundan sonra əldə olunacaq bütün spektrofotometrik ölçmə materialların Astronomik bazasının yaradılması, müşahidə materiallarının beynəlxalq standartlar formatına gətirilməsi, materialın emalı və analizi üçün müvafiq proqram təchizatının təmin edilməsi məsələlərinə də toxunub.

Namiq Cəlilov Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yaradılması və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılmasının zəruri olduğunu vurğulayıb.

Daha sonra çıxış edən ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov vurğulayıb ki, 2008-2013-cü illərdə İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ŞAR-da infrastruktur yenidən qurulub, 2 m-lik teleskopun idarəetmə sistemi yenilənib, müasir işıq qəbuledicilərinin tətbiqi və cihazların təkmilləşdirilməsi sayəsində aparılan astronomik müşahidələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, 2016-cı ildə ŞAR-ın 2 m-lik teleskopunda yerli mütəxəssislər tərəfindən müasir işıqqəbuledicisi tətbiq etməklə yüksək ayırdetməli, spektrin çox geniş dalğa uzunluğu oblastını əhatə edən Optik Lifli Kasseqren Eşelle Spektroqrafı hazırlanıb. 2019-cu ildə “Canon” obyektivi və “Andor” CCD kamerası əsasında ŞAR-ın 2 m-lik teleskopunda universal dəyişən difraksiya qəfəsli spektroqrafın yeni mükəmməl variantı quraşdırılıb. Bu sistemlər ŞAR-da unikal müşahidə materiallarının alınmasına imkan verib.

İcraçı direktor bildirib ki, əldə olunan yeniliklər ŞAR-ın alim və mütəxəssislərinin bir neçə beynəlxalq layihə və qrantlara qoşulmasına şərait yaradıb. Belə ki, son illərdə ŞAR-da Avropa Birliyinin 5 illik FP7 qrant layihəsi (SOLSPANET), 4 illik HORIZON 2020 – massiv ifratnəhəng ulduzların spektral tədqiqi, ESA-nın beynəlxalq kosmik layihəsi, GRANDMA – yerüstü teleskoplarla qravitasiya dalğaları mənbələrinin optik diapazonda müşahidəsi (İtaliya-Fransa), Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Dövlət Astronomiya İnstitutu ilə birgə aktiv nüvəli qalaktikaların tədqiqi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilən birgə elmi tədqiqat işləri həyata keçirilməkdədir.

Bununla bərabər, son illərdə Şamaxı rayonunda turizmin inkişafı, Rəsədxananın yaxınlığında yeni binaların tikilməsi, yolların çəkilməsi, süni işıq və tozlanma mənbələrinin artması nəticəsində ŞAR-ın ərazisində astroiqlim şəraiti ciddi şəkildə pozulub. Bu da astronomik müşahidələrin keyfiyyətinə ciddi mənfi təsir göstərib.

Nəriman İsmayılov ŞAR-ın 2021-2025-ci illər üçün qəbul olunmuş beşillik tədqiqat planından da söz açıb, Yerətrafı fəzanın fundamental-praktiki problemlərini əhatə edən yaxın kosmosun aktual məsələlərinin tədqiqindən, o cümlədən Günəş və günəş sistemi cisimləri, günəş fəallığının fizikası, Günəş-Yer əlaqələri, planetlərarası mühitin fizikası, Yerin asteroid təhlükəsizliyi, orbitdə olan aktiv süni peyklərın hərəkətinin təhlükəsizliyi və kosmik tullantılar problemindən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan kosmik sənayenin inkişafı və Azərbaycan elminin prioritetləri fonunda astronomik araşdırmaların ölkənin milli maraqlarına xidmət etməsinin, astroinformatika, astrostatistikaya aid tədqiqatların aparılmasının, əldə olunan müşahidə məlumatlarının intellektual emalının, IV sənaye inqilabının çağırışlarına uyğun olaraq süni intellekt və maşın təliminin tətbiq olunmasının vacibliyini vurğulayıb. Alim astroinformatika, astrostatistika sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasının zəruri olduğunu qeyd edib.

Məruzə ətrafında aparılan müzakirələrdə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, akademik Ənvər Nəhmətov, AMEA-nın müxbir üzvləri – Əminağa Sadıqov, Bilal Bilalov, Vəli Hüseynov və İsmayıl İsmayılov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

Sonra FRTEB-in Ümumi yığıncağı Rəsədxanada “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramından” irəli gələn işlərin yerinə yetirilməsi üçün ŞAR-da lazımi şəraitin yaradılması, mövcud teleskoplarının maddi-texniki bazasının möhkəmləndirilməsi, avtomatlaşdırılması və onların müasir işıq qəbulediciləri ilə təmin edilməsi, həmçinin Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yaradılması və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: