Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.08.2021 16:22
  • A-
  • A
  • A+

Mərhum coğrafiyaçı alimin monoqrafiyasının təqdimatı olub

Mərhum coğrafiyaçı alimin monoqrafiyasının təqdimatı olub

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda müəssisənin elmi işlər üzrə sabiq direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun müəllifi olduğu “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsiri” kitabının təqdimat mərasimi keçirilib.

Alimin anadan olmasının 67-ci ildönümünə həsr olunmuş tədbirdə mərhumun övladları, müəllimi və dostları iştirak ediblər.

M.Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov alimin həyatı, elmi və təşkilati fəaliyyəti barədə məlumat verib. Bildirib ki, M.Həsənov iqlimşünaslıq və aqroiqlimşünaslıq sahəsində görkəmli alim kimi Azərbaycan coğrafiya elminin inkişafında danılmaz rol oynayıb. Əkinçiliyin, xüsusən taxıl bitkilərinin məhsuldarlığının və keyfiyyətinin artmasına iqlimin təsirini tədqiq etməklə Azərbaycan ərazisində taxılçılığın daha geniş yayılması, eləcə də təsərrüfatın inkişafı üçün böyük əmək sərf edib. Direktor eyni zamanda M.Həsənovun yüksək təşkilatçılıq bacarığını və fəaliyyətini də xüsusi qeyd edib.

Alimin öz monoqrafiyasını kitab halında görə bilməməsinə təəssüflənən Z.Eminov onu hazırlayıb nəşr etdirən ailə üzvlərinə bütün coğrafiyaçılar adından təşəkkürünü və minnətdarlığını bildirib.

İnstitutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək M.Həsənovun coğrafiya elmində qazandığı uğurlardan bəhs edib. Alimin elmi potensialını yüksək dəyərləndirən HİK sədri onun coğrafiya elminin inkişafı üçün hələ çox işlər görə biləcəyini dilə gətirib.

İqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri, c.ü.f.d. Xəyyam Rəhimov, Pirqulu Coğrafi Tədqiqatlar Stasionarının müdiri, aqrar elmlər doktoru Çingiz Gülalıyev, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani, mərhumun orta məktəb müəllimi Oqtay Zülfüqarov, yaxın dostu, polkovnik Allahverdi Teymurov çıxış edərək M.Həsənovla olan xatirələrini, eləcə də müəllifi olduğu monoqrafiya haqqında fikirlərini bölüşüblər.

M.Həsənovun oğlu Fatiq Həsənov söz alaraq ailəsi adından göstərdiyi diqqətə görə institut rəhbərliyi və kollektivinə təşəkkürünü bildirib.

Tədbirin sonunda Məhərrəm Həsənovun elmi və təşkilatı fəaliyyətini işıqlandıran videoçarx nümayiş etdirilib, kitabın nüsxələri ailə üzvləri tərəfindən iştirakçılara paylanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: