Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

15.09.2021 14:15
  • A-
  • A
  • A+

MEK-in fondları xarici ədəbiyyatla zənginləşir

MEK-in fondları xarici ədəbiyyatla zənginləşir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir. Bu günlərdə MEK-ə Şotlandiya, Fransa, Rumıniya, Yaponiya, Almaniya və Türkiyədən ingilis, alman və türk dillərində elmi nəşrlər təqdim olunub.

Nəşrlər sırasında Şotlandiyanın Milli Kitabxanasından “The Royal Society of Edinburgh” (Edinburq Kral Cəmiyyəti), Yaponiyanın Riyaziyyat Cəmiyyətindən “Journal of Mathematical Sciences” (Riyaziyyat Elmləri Jurnalı), Fransanın Təbiətşünaslıq Muzeyi  Kitabxanasından “Zoosystema” (Zoo Sistem) və “Geodiversitas” (Geoloji müxtəliflik) və Rumıniya Akademiyasından “Romanian Academy Mathematical Reports” (Rumıniya Akademiyasının Riyazi Hesabatları) kimi nəşrlər yer alıb. Habelə  Almaniyanın Senkenberq Tədqiqat İnstitutu və Təbiətşünaslıq Muzeyindən “Marine Biodiversity” (Dəniz biomüxtəlifliyi), “Genetische Vielfalt erforschen” (Genetik müxtəlifliyi araşdırması), “Archiv fur Molluskunde” (Molluskologiya üçün arxiv), “Wenn Flüsse trockenfallen” (Çaylar quruyanda), “Palaebiodiversity and Palaeenvironmets” (Paleobiomüxtəliflik və Palao mühitləri), Türk ocaqları təşkilatından “Türk Dünyası Araştırmaları”, “Türk Dünyası Tarih” və bu yöndə müxtəlif  jurnallar daxil olub. Jurnallarda riyaziyyat, zoologiya, biologiya, dənizçilik, genetika, tarix barədə elmi məqalələr öz əksini tapıb.

Bununla yanaşı, MEK qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsi üçün bir sıra ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə də əməkdaşlıq edir. MEK-in sıx əməkdaşlıq etdiyi Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən “Kolumbiyanın həftəlik informasiya bülleteni”nin (Colombian weekly Newsletter) elektron formatının növbəti nömrələri kitabxanaya təqdim edilib.

Qeyd edək ki, informasiya bülleteninin hər bir sayı müxtəlif mövzuları özündə əks etdirir. Belə ki, elektron nəşrlərdə iqtisadi aktivlik, ətraf mühit, beynəlxalq əlaqələr, sülh, qadınlara ədalət, mədəniyyət, təhsil, sahibkarlıq kimi mövzular mühüm əhəmiyyət kəsb edir. Habelə oxucular sözügedən bülletenlərdə iqtisadi diplomatiya, milli peyvənd planı, davamlı inkişaf, beynəlxalq əlaqələr, miqrantların müdafiəsi kimi mövzularla da tanış ola bilərlər.

Qeyd edilən bülletenlər cari ilin 5-9 avqust, 12-17 avqust, 17-23 avqust, 26-30 avqust və 2-6 sentyabr tarixlərini əhatə edir.

MEK beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq nəticəsində oxucularının marağına uyğun olan xarici nəşrlərin əldə edilməsi istiqamətində işləri davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: