Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.09.2021 14:45
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq şura üzvlərini tədbirin gündəliyi ilə tanış edib.

Elmi şuranın gündəliyinin birinci məsələsi AMEA-nın mərhum müxbir üzvü Vəli Əliyevin 85 illik yubileyinin qeyd edilməsi barədə olub. İştirakçılar mərhum alimin həyat yolundan, onun Azərbaycan arxeologiyasındakı xidmətlərindən söz açıblar. İclasda professor Vəli Əliyevin 85 illik yubileyinə həsr edilmiş elmi konfransın keçirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin institutun əməkdaşları – professor Qafar Cəbiyev və t.ü.f.d. Qəhrəman Ağayevə 70 illik yubileyləri münasibətilə AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı təqdim olunub. O cümlədən professor Hidayət Cəfərovun da 75 illik yubileyi münasibətilə müvafiq qərar verilib.

Tədbirdə Elmi şuranın 2021-ci ilin ikinci yarısına dair iş planı da müzakirə edilib.

Bundan əlavə, dosent İlhamə Məmmədovanın “Azərbaycanda çay mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat”, dosent Mehparə Əliyevanın “Azərbaycan xalq mahnıları etnoqrafik mənbə kimi (tarixi-etnoqrafik tədqiqat)”, dosent Taleh Əliyevin “Şimal-qərbi Azərbaycanın ilk orta əsr müdafiə istehkamları və qalaları”, t.ü.f.d. Elnur İmanovun “Azərbaycanın tunc dövrü petroqriflərində zoomorf təsvirlər”, elmi işçi İsmayıl Umudlu və t.ü.f.d., dosent Bəhmən Əliyevin “Şahnigar xanım Rəncur”, t.ü.f.d., prof. Tahir Əmiraslanovun rus dilində “Вопросы о долме и все точки над и” adlı monoqrafiyaları, o cümlədən Yaqub Məmmədovun “Cənubi Qafqazda neandertalların nəslinin kəsilməsi və Homo Sapiensin miqrasiyası” və t.e.d. Tarix Dostiyevin “Şəmkir şəhərinin Nizami dövrü şirli keramikasının səciyyəsinə dair” adlı elmi məqalələri və digər əsərlər çapa məsləhət görülüb.

İclasda doktorant Səmayə Məmmədovanın dissertasiya mövzusunun adına yenidən baxılması üçün də qərar verilib.

Daha sonra bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: