Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.09.2021 15:18
  • A-
  • A
  • A+

Pandemiya dövründə ən çox tələb olunan ədəbiyyatlar

Pandemiya dövründə ən çox tələb olunan ədəbiyyatlar

Artıq uzun müddətdir ki, ölkədə koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə, bir çox müəssisələr kimi ölkənin nüfuzlu kitabxanalarından sayılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) da oxucularına yerində fəaliyyətini müvəqqəti dayandıraraq, elektron (onlayn) şəkildə xidmət göstərən mədəniyyət müəssisələri sırasında yer alıb.

Elmi əsərlərin çoxluq təşkil etdiyi kitab məbədinin bu müddət ərzində zəngin fondlarına əsas müraciət, AMEA-nın elmi-tədqiqat institutlarından, həmçinin elmin müxtəlif sahələri üzrə tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri, tələbələr, eyni zamanda, müxtəlif sahələrdən olan geniş oxucu kütləsi tərəfindən edilib.

MEK tərəfindən biblioqrafik sorğu, sənədlərin sifarişi, virtual sərgi, metodiki xidmət, elektron sifariş kimi onlayn xidmətlər oxucular üçün aktiv olmuş və bu proses hal-hazırda da davam edir.

MEK oxucuları onlara lazım olan resursları kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. MEK-in virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq elektron resursdan istifadə edə bilirlər.

Mərkəzi Elmi Kitabxananın Xidmət şöbəsinin müdiri Ofeliya Yunusovanın verdiyi məlumata əsasən, “Pandemiya dövründə kitabxanaya edilən müraciətlərin statistikasına nəzər saldıqda daha çox elmi-tədqiqat mərkəzləri tərəfindən elmi araşdırmalarla bağlı müraciətlər üstünlük təşkil edib. Elmi əsərlər jurnallarına, siyasi, tibb, tarix və xarici ədəbiyyatlara, xüsusilə türk ədəbiyyatlarına ehtiyac yaranıb. 44 günlük Vətən müharibəsi dövründə qazanılan qələbəmizlə əlaqəli qəzet və jurnal materiallarına, Çingiz Qacarın “Qədim Şuşa”, Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən nəşrlərə, ensiklopediyalara, Yunus Oğuzun “Nadir şah”, Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, “Nizami Gəncəvi və Azərbaycan incəsənəti”, “Низами Гянджеви. Лейли и Меджнун. Баку, 1981”, “Fəlsəfə və Həyat elmi məqalələr toplusu” və digər nəşrlərə müraciətlər olunub. Bildiyimiz kimi 2021-ci il cənab Prezidentin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub, bununla əlaqədar olaraq oxucular tərəfindən Nizami Gəncəvi yaradıcılığına məxsus kitablara maraq daha da artıb. MEK-ə edilən müraciətlər arasında müxtəlif yaş kateqoriyasında olan oxucular, xüsusilə gənclər bədii kitablara daha çox üstünlük veriblər”.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxanada tətbiq olunan İRBİS 64+ (AKİS) Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin elektron kataloqu mek.az saytında zaman və məkan məhdudiyyəti olmadan oxucuların istifadəsinə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: