Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2021 17:03
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Anım Gününə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Anım Gününə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunu tarixi Zəfər gününə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev açaraq torpaqlarımızın işğal tarixindən, 30 il ərzində müstəqil Azərbaycanın hərtərəfli inkişafına vurduğu zərbələrdən, böyük insan itkilərindən, öz vətənində onilliklərlə qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş vətəndaşlarımızdan, nəhayət, bu ağır adın Zəfər günü ilə tarixə qovuşmasından danışıb. Akademik bu böyük qələbənin məhz ulu öndərin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, yeritdiyi xarici və daxili siyasət, ordu quruculuğu sahəsində görülən möhtəşəm işlər sayəsində  mümkün olduğunu vurğulayıb. Üçtərəfli bəyanatın əhəmiyyətindən, sülh sazişinin imzalanması ilə bağlı danışıqlardan bəhs edən akademik cəmi bir il öncə bizi yenidən Azərbaycan torpaqlarını işğal etməklə hədələyərək özünə yeni xülyalar quran erməniləri cəmi 44 gün ərzində diz çökdürən müzəffər Azərbaycan əsgərlərinin  rəşadətindən, onların vətənin azadlığı üçün ölümün gözünə dik baxmasından, ordumuzda bir nəfər fərarinin belə olmamasından, igidlərimizin daim irəli getməsindən, şəhid qanı axmış, azad edilmiş o yerlərə bir erməni ayağının dəyməsinə yol vermədiklərindən danışıb: “Həmin tarixi 44 gün ərzində Ali Baş Komandan daim xalqla təmasda oldu, o həyəcanlı günlərdə Azərbaycan xalqı bütün məlumatları məhz ondan – Ali Baş Komandandan aldı. Azad edilən torpaqların, hər yüksəkliyin, hər kəndin, ən kiçik yaşayış məntəqəsinin adını biz birbaşa hərbi geyimli Prezident  İlham Əliyevdən eşitdik. Dövlət başçısı xarici jurnalistlərə verdiyi müsahibələrlə bütün dünya ictimaiyyətinə müqəddəs savaş – İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri  məhz özü çatdırdı və bu müsahibələr ölkə vətəndaşları tərəfindən həyəcanla izlənildi”.

Akademik Tofiq Nağıyev, həmçinin müharibə vaxtı yağışlı, şaxtalı günlərdə böyükdən-kiçiyə qədər hər kəsin səngərlərdə olan, döyüşən əsgərlərimizi düşünərək, narahatlıqla havanın yumşalması üçün dua etməsindən, orduya, döyüşən əsgərə varını əsirgəməyən xalqımızın milli birliyindən – həmin tarixi günlərdə və sonra multikultural dəyərlərin yüksək səviyyədə qorunmasından söz açıb.  Qeyd edib ki, bu qələbənin qazanılmasında  mühüm amillərdən biri də məhz dövlət başçısı ilə xalq arasındakı birlik, xalqımız tərəfindən daim hər cür dəstəklənən ordumuzun ruh yüksəkliyi idi. Ölkə rəhbərliyinin erməni işğalında olan Qarabağı və ətraf rayonları qan tökmədən danışıqlarla, sülh yolu ilə həll etməkdən ötrü verdiyi mücadilədən söz açan akademik sonda müharibənin labüd olmasından, bu savaşda Türkiyə-Azərbaycan qardaşlığından, haqq-ədalət savaşında bizi daim dəstəkləyən dövlətlərlə qurulan isti münasibətlərdən, Azərbaycan xalqını Qarabağa, mədəniyyət paytaxtımız Şuşaya qovuşduran şəhid və qazilərimizi yetişdirən anaların dəyanətindən, döyüş meydanlarında həyatlarını itirmiş 3 minə yaxın şəhidin xatirəsinin ensiklopediyamızda əbədiləşdirilməsi barədə planlardan danışıb. O, milli ensiklopediyada  işğaldan azad edilmiş ərazilərlə bağlı hazırlanan məqalələrin də “işğal altındadır” ifadəsindən qurtulduğunu söyləyib.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru görünməmiş vandalizmə məruz qalmış Qarabağ torpağının ölkə Prezidentinin rəhbərliyi altında, məhz onun tərəfindən qəbul edilmiş müdrik qərarlar, layihələr sayəsində yüksək səviyyədə bərpa edilərək öz sakinlərini yenidən qoynuna alacağına bütün xalqımızın əmin olduğunu bildirib.

Sonra tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Quliyev (Bəhmənli) çıxış edib. Azadlığına qovuşan, sürətlə bərpa edilən doğma Şuşamızda keçirilən Vaqif poeziya günlərinin iştirakçısı olan Vaqif Bəhmənli qısa bir müddətdə müxtəlif beynəlxalq festivallara ev sahibliyi edən Şuşa barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb, yol boyu gördüklərindən həm ürəkağrısı, həm də fərəh hissi ilə söz açıb.

Tədbirdə, həmçinin ensiklopediyanın direktor müavini, biologiya elmləri doktoru Şaiq İbrahimov, redaksiya müdirləri Elmira Məmmədova, Gülbəniz Qocayeva, Rüstəm Hacıyev, böyük elmi redaktorlar İradə Məmmədova və İltifat Əliyarlı çıxış ediblər.

Anım gününə həsr edilmiş tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, akademik Tofiq Nağıyev kollektivin adından onların ailələrinə səbir və dözüm, qazilərimizə cansağlığı, Azərbaycan xalqına inkişaf, rifah, əbədi sülh, bunları reallaşdırmaq yolunda dövlətimizə, ölkə rəhbərliyinə uğurlar arzulayaraq tədbirə yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: