Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA Hüseyn Cavidin Ev Muzeyi də təmsil olunur.
Muzey üçün ayrılmış guşədə nümayiş etdirilən nəşrlər son beş ildə müəssisədə yerinə yetirilən elmi-tədqiqat işlərinin ən mühüm elmi nəticələrini əhatə edir. Sərgidə təqdim olunan 50-dən çox müxtəlif adda ədəbiyyat sırasında 30 cilddə “Cavidşünaslıq” araşdırmalar toplusu, 13 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”, 3 cilddə “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” kimi çoxcildliklərlə yanaşı, cari ildə çapa hazırlanan nəşrlər - “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabı, “AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” monoqrafiyası və “Gülbəniz Babaxanlının biblioqrafiyası” oxuculara təqdim olunur.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Sərgi-Yarmarkada Hüseyn Cavidin nəfis şəkildə çap edilmiş külliyyatı və cavidşünaslıq materialları ilə yanaşı, Ərtoğrol Cavidin görkəmli ədibin sözlərinə bəstələdiyi “Gəlmiş idi” romansının və “Gəl” romans-kapriççosunun muzeydə mühafizə olunan not yazılarının da daxil edildiyi “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı da nümayiş etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.