Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.10.2021 16:26
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Mədəniyyət və İncəsənət Universitetində Nizami Gəncəvi ilə bağlı məruzə edib

Akademik Rafael Hüseynov Mədəniyyət və İncəsənət Universitetində Nizami Gəncəvi ilə bağlı məruzə edib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ədəbi, mədəni, elmi, ictimai düşüncədə Nizami Gəncəvinin ötürücülük, qovuşduruculuq və təkanvericilik missiyası mövzusunda çıxış edib.

Əvvəlcə universitetin rektoru Ceyran Mahmudova “Nizami Gəncəvi İli” çərçivəsində ADMİU-da görülən işlər və həyata keçirilən layihələrdən danışıb.

Akademik Rafael Hüseynov məruzəsində Nizami Gəncəvinin azərbaycanlı mənşəyi, onun öz dövründə və sonrakı dövrlərdə həm Azərbaycan, həm də dünya ədəbiyyatına ciddi təsiri, dahi şairin həyat və yaradıcılığının müxtəlif alimlərin araşdırmalarındakı yeri, əsərlərinin tərcümə problemləri haqqında məlumat verib.

“Nizami Gəncəvi ilə başlayan 2021-ci ilin hər günündən Nizaminin səsi gəlir. Nizami elə bir şəxsiyyətdir ki, Azərbaycanı nəhəng, böyük göstərə bilir. Nizamiyə qarşı tarixin müxtəlif dövrlərində olan həmlələr də elə bununla bağlıdır. Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib. Ən yaxşı sübut hər zaman şairin özünün yazdıqlarıdır. Nizami özünün qeyri-adi insan olduğunu bilir, özünün birləşdiricilik, qovuşduruculuq, təkanvericilik, ötürücülük missiyasını da yaxşı dərk edirdi. Ona görə də oğluna nəsihətdə deyirdi ki, sən ikinci bir Nizami ola bilməyəcəksənsə, başqa işlə məşğul ol. Təbii ki, o, özü ilə poeziyanın, şeirin bitdiyini zənn etmirdi. Ondan sonra da şairlərin yetişəcəyinə əmin idi. Amma onların heç birinin Nizami olmayacağını da anlayırdı. Bu mənada özünün ötürücülük missiyasını yaxşı dərk etdiyindən əsərlərini farsca yazıb böyük bir coğrafiyaya ötürürdü. Həmçinin o, öz əsərində türkcə yazdığı şeirlərinin “alıcısı” olmadığını, yəni diqqət görmədiyini təəssüflə qeyd edir. Bu da onu sübut edir ki, o, türkcə əsərlər yazıb. Onun belə bir təcrübəsi var, amma diqqət görmədiyindən dövrün tələbinə uyğun olaraq farsca yazıb. Nizami şeyx idi, Allaha, peyğəmbərə sitayiş edən ruhani idi. Hər əsərinin əvvəlində də Allaha, Peyğəmbərə sitayişlə bağlı uzun-uzun fəsillər yazıb. Amma bununla yanaşı, onun əsərlərini dərindən oxuyanda görürsən ki, Nizaminin müsəlman Şərqi ilə bağlı əsərlərində yaratdığı başqa bir həqiqət də var. Bu o dövr idi ki, təsəvvüf bütün ədəbiyyatı əhatə etmişdi. Belə təsəvvür formalaşmışdı ki, sanki bütün əsərlər Allaha yazılır və “sevgili”, “canan” Allaha qovuşmaq üçün bəhanədir. Nizami isə zahirən sufi dalğası keçmiş kimi görünən əsərlərin içərində sırf dünyəvi şeirlər yaradır. Hətta o, Allaha, Peyğəmbərə xitabən yazılmış minacatda da, nətdə də, faktiki insana ünvanlanmış sözlər deyir. Onun yazdıqları insana, cəmiyyətə yönəlib. Görünür, o, özünün cəmiyyət qarşısındakı cavabdehlik duyğusu ilə bu əsərləri yaradırdı. Bu təsir də ondan sonrakı bir çox şairlərdə özünü göstərdi”, - deyə akademik məruzəsində qeyd edib.

Sonra ADMİU-nun prorektoru Gülşən Əliyeva, kafedra müdiri, professor Əli Əmirli və başqaları çıxış edərək Nizami Gəncəvi məruzə üçün Rafael Hüseynova öz təşəkkürlərini bildirib, mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: