Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.10.2021 10:17
  • A-
  • A
  • A+

Cənubi Qafqazda postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektlərinə həsr olunan beynəlxalq konfrans keçirilib

Cənubi Qafqazda postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektlərinə həsr olunan beynəlxalq konfrans keçirilib

Oktyabrın 20-də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Onlayn tədbirdə Azərbaycan, Polşa, Moldova, Litva, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, İsrail və Rusiyadan ekspertlər iştirak ediblər.

Azərbaycanın 44 günlük Vətən müharibəsini tarixi qələbə ilə başa vurması, onun müharibəyəqədərki və qələbədən sonra diplomatik fəaliyyəti, mühüm beynəlxalq sənədlərin qəbul olunması istiqamətində qazandığı uğurlar, gələcək iqtisadi dövlətlərarası layihələr beynəlxalq konfransın iştirakçıları tərəfindən presedent olaraq təhlil edilib.

Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə vurğulayıb ki, coğrafi mövqeyinə və geosiyasi önəminə görə Qafqazda baş verən hadisələr həmişə tarixi və qlobal əhəmiyyət kəsb edib. “Bu baxımdan, başa çatmasının bir illiyini qeyd etməyə hazırlaşdığımız 2020-ci ilin 44 günlük Vətən müharibəsi də istisna deyil”, - deyə alim qeyd edib.

Məruzəçi, həmçinin ölkəmizin ərazilərinin işğal faktını təsbit edən beynəlxalq aktlardan və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı”, “Zalyan, Sarqsyan və Serobyan Ermənistana qarşı” və “Muradyan Ermənistana qarşı” işləri ilə bağlı qərarlarından söz açıb. A.Mustafazadə diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mükəmməl diplomatiyası sayəsində işğalçının aqressiyasına adekvat cavab verilməsi vaxtı düzgün seçilib.

Onun sözlərinə görə, cənab Prezidentin müdrikliyi yalnız hərbi kampaniyanın aparılmasında deyil, həmçinin postkonflikt dövründə də qüvvə və prioritetlərin mükəmməl yerləşdirilməsində özünü büruzə verib. Ölkənin coğrafi mövqeyini və geosiyasi əhəmiyyətini nəzərə alan rəsmi Bakı regionda iqtisadi əlaqələrin bərpası prosesinə beynəlxalq maraq cəlb edə bilib.

Natiq qeyd edib ki, artıq beynəlxalq diskussiyalarda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın təşəbbüslərinə əsaslanan regionda 3+3 (Azərbaycan-Gürcüstan-Ermənistanın regional ölkələr olan Rusiya-Türkiyə-İranla tərəfdaşlığı) formulu çərçivəsində əməkdaşlığın yaradılması üzrə təklifləri gündəmdədir və bu format regional təhlükəsizlik üçün etibarlı baza rolunu oynaya bilər. O bildirib ki, bu baxımdan, Avropadan Asiyaya qədər böyük geosiyasi bir ərazidə keyfiyyətcə yeni inkişaf vektorunu müəyyənləşdirən Cənubi Qafqazdakı mühüm dəyişikliklər barədə müxtəlif ölkələrin tanınmış ekspert-alimlərinin fikirləri yetərincə maraqlıdır.

Daha sonra onlayn tədbirdə çıxış edən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, 2-ci dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq üzrə elmlər doktoru, professor Namiq Əliyev postmünaqişə dövründə Azərbaycan–Ermənistan münasibətlərinin bəzi siyasi-hüquqi aspektlərindən danışıb.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə başlanılıb, hazırda bu işlər davam etməkdədir. Adıçəkilən proses dövlət sərhədlərinin qarşılıqlı tanınmasına dair müvafiq sülh sazişinin imzalanması ilə başa çatmalıdır.

Natiq diqqətə çatdırıb ki, üçtərəfli bəyanatın imzalandığı ilk dəqiqələrdən Ermənistan Respublikasında ona qarşı müxalifətin ortaya çıxması özlüyündə təbii haldır, xüsusən də nəzərə alınsa ki, bu münaqişəni törətmiş, Azərbaycanın dinc sakinlərini qətlə yetirmiş, şəhər və kəndlərini dağıtmış, tarix və mədəniyyət abidələrini məhv etmiş, digər müharibə cinayətləri törətmiş ünsürləri hansı ağır nəticələr gözləyir. Bütün bu əməllərinə görə onlar beynəlxalq hüquqa uyğun cavab verməli olacaqlar.

Namiq Əliyev öz çıxışında Ottava Konvensiyası və minalı sahələr problemi, Ermənistan Respublikasının Azərbaycan ərazisində döyüş əməliyyatlarına cəlb etdiyi muzdluların məsuliyyətə cəlb edilməsi məsələləri, eləcə də “hərbi əsirlər”, yoxsa terrorçular” kimi mühüm məsələlərdən danışıb.

Beynəlxalq ekspertlər onlayn konfrans çərçivəsində Cənubi Qafqazda postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri fonunda aparılan müzakirələrdə “Cənubi Qafqaz: regional əməkdaşlığın yeni formatı”, “Azad edilmiş Qarabağ ərazilərinin bərpası və iqtisadi imkanların genişlənməsi”, “2020-ci ildə geosiyasi proseslər şəraitində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi” və digər prioritet məsələlərdən danışıblar.

Daha sonra “Cənubi Qafqaz: postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” adlı məqalələr toplusu beynəlxalq konfransın iştirakçılarına təqdim olunub.

Onlayn tədbirin sonunda Hüquq və İnsan Haqları İnstitutunun yaradıcısı və qurucusu, institutun ilk direktoru, Azərbaycanın ilk siyasi elmlər doktoru, professor Rövşən Mustafayev tərəfindən təsis edilən, ətrafında dünyanın bir çox ölkəsindən olan tanınmış ekspert və alimləri birləşdirən “Bakı klubu”nun yenidən bərpa olunması elan edilib. Bu klubda gələcəkdə dünya əhəmiyyətli aktual mövzular müzakirə olunacaq, təşəbbüslər irəli sürüləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: