Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.10.2021 11:12
  • A-
  • A
  • A+

“Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli”nə həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib

“Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli”nə həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib

“Ədəbiyyat qəzeti”nin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birlikdə hazırladığı “Nizami Gəncəvi İli”nə həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilib.

Ədəbiyyat İnstitutunda baş tutan tədbirdə əvvəlcə iştirakçılar müəssisənin foyesində Nizami Gəncəvi ilə bağlı nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb, bununla əlaqədar AMEA-da tədbirlərin həyata keçirildiyini qeyd edib. İl ərzində AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini bildirən İ.Həbibbəyli Akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr söylədiklərini, ölkəmizdə müxtəlif KİV-lərdə, məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb. Akademik bu il AMEA-da Nizami Gəncəviyə həsr edilmiş 26 kitabın işıq üzü gördüyünü, daha bir neçə kitabın çap mərhələsində olduğunu bildirib: “AMEA-nın müxbir üzvü Nüşabə Araslının rəhbərlik etdiyi Nizamişünaslıq şöbəsində hazırlanan kollektiv monoqrafiya min səhifədən çoxdur və axırıncı redaktə prosesini keçir. Həmçinin institutda iki cilddən ibarət “Nizami Gəncəvi ensiklopediyası” çapa hazırlanır. Ədəbiyyat İnstitutunun əməkdaşı Siracəddin Hacınının bu istiqamətdə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Nizami haqqında 10 dildə hazırlanan kitabda Azərbaycan, türk, ingilis, rus, çin, alman, polyak, ukrayna və gürcü dillərində yazılar yer alıb”.

İ.Həbibbəyli əlavə edib ki, Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli” 9 oktyabr tarixli xüsusi buraxılışı nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir və ilk dəfədir ki, bir qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Akademik sözügedən buraxılışı Azərbaycan nizamişünaslığının tarixində mühüm hadisə kimi dəyərləndirib.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə “Nizami Gəncəvi İli” xüsusi buraxılışının hazırlanma zərurəti və əhəmiyyəti” adlı məruzəsində prosesə tarixi aspektdən yanaşıb: “1930-cu illərdə Stalin Nizaminin Azərbaycan şairi olduğunu demişdi. 1947-ci ildə Nizaminin yubileyi ərəfəsində çap olunan Azərbaycan SSR Yazıçılar İttifaqının Azərbaycan Elmlər Akademiyası ilə birgə nəşr etdiyi kitablarda Nizaminin Azərbaycan şairi olduğu deyilir. Nizaminin türkdür, azərbaycanlıdır isbatına ehtiyacı yoxdur. Bertels deyir ki, Nizamini heç bir halda İran şairi hesab etmək olmaz”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaradıcılıq üzrə katibi İlqar Fəhmi qəzetin xüsusi buraxılışındakı məqalələrdə Nizami yaradıcılığına müxtəlif aspeklərdən toxunduğunu söyləyib.

AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu qəzetin bu buraxılışında işıq üzü görən yazıların kitab şəklində çap olunmasını məqsədəuyğun hesab edib.

Xüsusi buraxılışın nizamişünaslıqda son illər görülən ən yaxşı işlərdən biri olduğunu söyləyən filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd edib ki, dahi şairin yaradıcılığına geniş rakursda baxılan bu yazılar “Nizami Gəncəvi İli”nə ən gözəl töhfədir.

Tədbirdə, o cümlədən filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nəzakət Məmmədli, Siracəddin Hacı və Səadət Şıxıyeva çıxışlarında Nizami irsinin dünyada Azərbaycan şairi kimi tanıdılması istiqamətində görülən işlərdən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: