Klassik ədəbiyyat və mədəniyyətin problemləri, müsəlman Şərqi ölkələrinin bu istiqamətdə qarşılıqlı əlaqələri AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində daimi fəaliyyət göstərən elmi seminarda mütəmadi olaraq müzakirə mövzusuna çevrilir və seminar iştirakçılarında böyük maraq doğurur. Elmi seminarın budəfəki məşğələsində muzeyin doktorantı, Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin əməkdaşı Dilbər Rəhimovanın “Məhəmməd Peyğəmbər dövründə musiqi və şeir” mövzusunda məruzəsi dinlənilib.
Cahilliyə, həmçinin İslam dininin təşəkkül illərində ərəbdilli mədəniyyətin musiqi və şeir sənəti qolunu, nümayəndələrini ciddi araşdırmış məruzəçi bildirildi ki, qədim ərəb tarixində Müaviyə, Əbdülməlik ibn Mərvan, Ömər ibn Əbdüləziz xəlifəliyi zamanında musiqiçilər xüsusi təbəqə sayılaraq böyük hörmət sahibi olmuş, məşhur ərəb sərkərdələri belə musiqi ilə məşğul olmuşlar.
Dilbər Rəhimova, həmçinin “Quran-i Kərim”ə, Məhəmməd Peyğəmbər haqqında hədislərə, ərəbdilli mənbələr və xarici nəşrlərə də istinad edərək, İslam cəmiyyətində musiqi və şeir sənətinin əhəmiyyəti, yeri haqqında deyilmiş fikirləri auditoriya ilə bölüşdü.
Seminar məşğələsi muzey əməkdaşları - filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktorları Məlahət Kələntərli, Natavan Mustafayeva və başqalarının sual və çıxışları ilə davam etdirildi.
Sualları cavablandıran məruzəçi keçirilən geniş diskussiyanın bu mövzuda hazırladığı və Nizami muzeyinin “Risalə” elmi araşdırmalar toplusunda dərc olunması nəzərdə tutulan məqaləsinin təkmilləşdirilməsinə böyük fayda verəcəyini ifadə etdi.
<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>