Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.10.2021 10:05
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Nizami ili” ilə bağlı görülən işlər müzakirə olunub

Ədəbiyyat İnstitutunda “Nizami ili” ilə bağlı görülən işlər müzakirə olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Əvvəlcə Ədəbiyyat İnstitutunda 2021-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirə edilməsinin təşkili haqqında məsələlərdən bəhs olunub.

Akademik “Nizami Gəncəvi İli” çərçivəsində institutda həyata keçirilən tədbirlər və hazırlanan nəşrlər  haqqında məlumat verib. Nizami Gəncəviyə həsr olunmuş “Qardaş qələmlər”,  “Türk ədəbiyyatı”, “İrfan”, “Üç cizgi” jurnallarının, Nüşabə Araslının, Fəridə Əzizovanın, Siracəddin Hacının kitablarının əhəmiyyətindən danışıb. Həmçinin “Ədəbiyyat qəzeti”nin Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birlikdə hazırladığı “Nizami Gəncəvi İli” xüsusi buraxılışının təqdimatının keçirildiyini xatırladıb. Qeyd edib ki, ümumilikdə “Nizami ili” ilə bağlı Humanitar Elmlər Bölməsi üzrə indiyədək 26 kitab, 4 jurnal işıq üzü görüb.

Sonra uşaq ədəbiyyatı üzrə “Abdulla Şaiq” mükafatının təsis olunması, “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” (“Sənətkarın elmi pasportu” seriyasından) monoqrafiyasının çapa tövsiyə edilməsi, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2021-ci il üzrə II sayının Nizami Gəncəviyə həsr edilmiş xüsusi buraxılışın nəşr olunması kimi məsələlər müzakirə olunub.

2020 və 2021-ci illərdə Ədəbiyyat İnstitutuna fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə qəbul olan doktorant və dissertantların fərdi iş planlarının təsdiqi, 2021-ci ildə müəssisəyə qəbul olan magistrantların fərdi iş planlarının, elmi rəhbər və dissertasiya mövzularının təsdiqi və digər məsələlər barədə Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov məlumat verib.

Sonda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çap məsələləri və digər işləri diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: