Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.10.2021 17:52
  • A-
  • A
  • A+

“Nizami poeziyasında səs və rəng” mövzusunda mühazirə keçirilib

“Nizami poeziyasında səs və rəng” mövzusunda mühazirə keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan farsdilli poeziyasının klassiki, Orta əsrlər Şərqinin ən böyük şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə, eləcə də Nizami ili” çərçivəsində növbəti mühazirə keçirilib.

Muzeyin Aran regional filialının rayon Təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz...” devizi ilə keçirdiyi “Nizami mühazirələri”nin beşinci toplantısı onlayn baş tutub.

Tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq XII əsr ictimai-siyasi və hüquqi fikirlərinin ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin öz əsrinin misilsiz humanist mütəfəkkiri olduğunu, onun sosial-siyasi ideyalarının Azərbaycanın siyasi və hüquqi fikir tarixinin inkişafında mühüm rol oynadığını bildirib. Y.Bahadurqızı dahi şairin poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyini qeyd edib. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, “Qızıl kəlmə” mükafatı laureatı, tənqidçi, şair, esseist Əsəd Cahangir “Nizami poeziyasında səs və rəng” mövzusunda məruzə ilə çıxış edib. Ə.Cahangir məruzəsində şairin yaradıcılığını bu rakursdan izləməyə çalışıb, maraqlı və orijinal, ədəbi-fəlsəfi qənaətlər irəli sürüb.

Sonda Ə. Cahangir dinləyicilərin suallarını cavablandırıb.

Mühazirəyə Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: