AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Qazaxıstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun İnformasiya və idarəetmə şöbəsinin müdiri Kumisxodjaev Erbol, institutun aparıcı elmi işçisi Şaqırbay Almasbek və mərkəzin eksperti Şıntemirova Baxıt, həmçinin elmi seminara onlayn qoşulan Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Vətən müharibəsində əldə olunmuş qələbənin birinci ildönümü - Zəfər Günü münasibətilə bağlı konfrans iştiakçılarını təbrik edib. Akademik bildirib ki, Azərbaycan ordusu Vətən müharibəsində böyük vətənpərvərlik hissi ilə yalnız bir əlində Azərbaycan bayrağı, digər əlində silah tutaraq qələbəyə doğru əvəzolunmaz cəsarətlə torpaqlarımızı azad edib. “Qələbəmiz təkcə silah gücü ilə yox, eyni zamanda müasir döyüş texnikasından, onun intellektual xüsusiyyətlərindən məharətlə istifadə etmək nəticəsində əldə olunub”, – deyə İsa Həbibbəyli vurğulayıb.
Fəlsəfə və Sosiologiya İnstitutunun bu sahədə gördüyü işlərə diqqət çəkən akademik konfransın mahiyyətinə toxunub və tədbirin işinə uğurlar azulayıb.
Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Zəfər Gününün fəlsəfəsinə həsr edilmiş tədbirin elmi, siyasi əhəmiyyətini qeyd edib. Həmçinin Vətən müharibəsi ilə Azərbaycanın Cənubi Qafqaza gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Ali Baş Komandan və xalq birliyinin uğurlu nəticələrinin Zəfər Günü ilə müqayisəli təhlilini aparıb. “Qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara olan təsiri öz əhatəsinə görə çox böyük əhəmiyyətə malikdir”, - deyə İ.Məmmədzadə bildirib.
Sonra qazaxıstanlı alimlər K.Erbol, Ş.Almasbek, Ş.Baxıt və Atatürk Universitetinin professoru Kerem Karabulut çıxış ediblər.
Tədbirdə, həmçinin t.e.d. Eynulla Mədətli “Xalqımızın qəhrəmanlıq və qələbə əzmi Vətən müharibəsinin sınağında”, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Azərbaycan bölgədə sülh təminatçısı olaraq”, f.e.d. Füzuli Qurbanov “Yeni liderlik və regional geosiyasət: Zəfər fəlsəfəsi aspektində”, s.e.f.ü.d., dosent Sənan Həsənov “Regional təhlükəsizlikdə partnyorluq və strateji tərəfdaşlıq” və Sosiologiya şöbəsinin elmi işçisi, dissertant Humay İsayeva “Карабахская победа как мотивация в воспитании патриотического духа азербайджанской молодежи” mövzularında çıxış edərək Cənubi Qafqazda postmüharibə dövrünün reallıqları, siyasi lider amilinin dünya nizamında rolu və Azərbaycanın regiona gətirdiyi geosiyasi reallıqların fəlsəfəsinə toxunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.