Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.11.2021 10:34
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimləri Qazaxıstanda Nizaminin yubileyi ilə bağlı konfransda məruzə ediblər

Əlyazmalar İnstitutunun alimləri Qazaxıstanda Nizaminin yubileyi ilə bağlı konfransda məruzə ediblər

Qazaxıstanın Almatı şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Fərabidən Nizamiyə ruhi-mənəvi körpü” mövzusunda beynəlxalq konfrans keçirilib. 

 

İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən təşkil olunan konfrans Əl-Fərabi adına Qazax Milli Universitetində baş tutub. Ölkəmizi konfransda təmsil edən nümayəndə heyətinin tərkibində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə də olub.

 

Əvvəlcə akademik Teymur Kərimli və Əzizağa Nəcəfov Qazax Milli Universitetinin nəzdində fəaliyyət göstərən Əl-Fərabi adına Universitet Kitabxanasında olublar. Onlar kitabxananın nadir kitablar fondunda əlyazma və əski çap kitablarının qorunması, elektronlaşdırılması, istifadəyə təqdimi işi ilə tanış olub, Əlyazmalar İnstitutunun nadir nüsxələrin bərpası və konserasiyası sahəsində təcrübəsini bölüşüblər.

 

Daha sonra Əlyazmalar İnstitutunun alimləri konfransın plenar iclasında iştirak ediblər. Akademik Teymur Kərimli “İkinci müəllimin dahi şagirdi (Fərabi və Nizami)”, dosent Əzizağa Nəcəfov isə “Türk dünyasının böyük humanizm carçıları: Fərabi və Nizami” mövzusunda məruzə ediblər.

 

Tədbirdə Azərbaycan tərəfdən ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi onlayn qaydada çıxış ediblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: