Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2024 16:28
  • A-
  • A
  • A+

“COP29 çərçivəsində elmin davamlı inkişafi üçün süni intellekt” mövzusunda tədbir keçirilib

“COP29 çərçivəsində elmin davamlı inkişafi üçün süni intellekt” mövzusunda tədbir keçirilib

Fizika İnstitutunda “Global researche” layihəsinin multidisiplinar məsləhətçisi, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynovanın təşəbbüsü və Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin təşkilatçılığı ilə “COP29 çərçivəsində elmin davamlı inkişafi üçün süni intellekt” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə dotoru Rüstəm Rüstəmov açıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

R.Rüstəmov bildirib ki, tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Meta Mind World Azərbaycan MMC-nin təsisçi və direktoru, Qlobal Tədqiqatlar layihəsinin layihə meneceri Mehriban Məlikova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev iştirak edir.

Seminarın açılışında institutun baş direktoru akademik Arif Həşimov məruzə ilə çıxış edib. Bildirib ki, COP29 ərəfəsində təbiətin qorunması aktual məsələlərdəndir. O, ətraf mühitin mühafizəsinin daha dərin tarixə malik olduğunu vurğulayıb.  Qeyd edib ki, buna nümunə olaraq, dünyaşöhrətli mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərini misal göstərmək olar.

Daha sonra o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COP29-la bağlı fikirlərinə də toxunub.

Arif Həşimov məruzəsində bildirib ki, keçən əsrin ortalarında ilk dəfə olaraq akademik Həsən Əliyev iqlim dəyişikliyi, qlobal istilik haqqında məlumat vermişdir. O, iqlim dəyişiklərinin elmi cəhətdən əsaslandırılmasından, bu sahədə Nobel mükafatı qazanmış alimlərdən, planetin elektrik enerjisi ilə təmin olunmasından, nüvə enerjisinin əhəmiyyətindən və s. danışıb.

Məruzənin sonunda akademik Arif Həşimov COP29-un ölkəmiz və cəmiyyət üçün vacibliyindən,  gözləntilərdən danışıb.

Tədbirdə  AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva “Dayanıqlı inkişaf məsələlərində süni intellektin rolu” mövzulu məruzə ilə çıxış edib. O, iqlim dəyişikliyinin bəşəriyyətin ortaq problemi olduğunu, ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətdiyini qeyd edib. Bildirib ki, iqlim böhranı və fəsadları sadə insanların da gündəlik həyatına, yaşam tərzinə əhəmiyyətli dərəcədə təsir göstərir. O, COP29 ərəfəsində iqlim fəaliyyətində süni intellektin transformasiya potensialını vurğulayıb. S.Mehdiyeva süni intellektin müsbət tərəflərindən, onun geniş imkanlarından, faydalarından və s. danışıb. O, süni intellektin təhsil, tibb, iqlim sahəsində mühüm rolu olduğunu qeyd edib.

Tədbirdə Nicat Məmmədli süni intellektin paradoksal təbiətindən danışıb. O bildirib ki, süni intellekt iqlim dəyişikliyinə mənfi təsir göstərən amillərdən biridir. N.Məmmədli Sİ mühərrikləri (ChatGPT, Gemini və s.) danışıb. Qeyd edib ki, həmin mühərriklər ildə təxminən 500 teravatt/saat elektrik enerjisi işlədir. Bu göstəricinin bütün Almaniyanın işlətdiyi elektrik enerjisinə bərabər olduğunu vurğulayıb. O, süni intellektin enerjiyə olan tələbatının həndəsi silsilə ilə artdığını, “Microsoft”un ayrıca nüvə elektrik stansiyası işə salmaq qərarına gəldiyindən, eyni zamanda süni intellektin fəaliyyətində suya olan tələbatdan və s. bəhs edib.

Videobağlantı vasitəsilə tədbirə qoşulan süni intellekt sahəsi ilə məşğul olan xarici alimlər fikirlərini bölüşüblər.

Sonda Fiziologiya İnstitutunun aparıcı elmi işçisi Zenfira Qədimova, MİE Azərbaycan MMC-nin təsisçi və direktoru Mehriban Məlikova, AMEA GAMŞ-nın sədri Elmir Babayev çıxış ediblər.

Yekun olaraq mövzu ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: