AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Zəfər günü” münasibətilə “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin ikinci hissəsinin açılışı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sərginin açılışını muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açıb. F.Cabbarov qeyd edib ki, sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsidir. Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus eksponatlar əsasında qurulub.
Sərgi haqqında muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, t.ü.f.d. Səbuhi Əhmədov çıxış edib. S.Əhmədovun qeyd etdiyi məlumata əsasən sərgidə Vətən müharibəsinin 104 şəhidinin və 10 qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilib. Sərgidə Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatının orijinal ölçülü maketi qurulub. Vitrinlərdə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təqdim edilmiş eksponatlar da nümayiş olunur. Sərgidə, həmçinin Ermənistan ordusundan qənimət götürülmüş təltif nişanları, hərbi geyim və ləvazimatlar göstərilir. Ümumilikdə 30 vitrində 350 eksponat, 12 informasiya-məlumat paneli, 7 iriölçülü banner, 204 ədəd fotoşəkil sərgilənir.
Tədbirdə akademik Nərgiz Axundova çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Həmçinin N.Axundova 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni əbədiləşdirmək üçün muzeydə nümayiş olunan sərginin böyük təşəbbüs olduğunu bildirib.
Daha sonra Vətən müharibəsi iştirakçıları Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Nicat Zalov və gizir Şiraz Həsənov çıxış ediblər. Qazilər 44 günlük müharibə zamanı döyüş əməliyyatlarından və Şuşa-Xankəndi yolunda baş vermiş gərgin döyüşlərdən bəhs ediblər.
Sonda mərasim iştirakçıları sərgi ilə yaxından tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.