Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2021 15:24
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda Nizamiyə həsr olunan tədbir keçirilib

Coğrafiya İnstitutunda Nizamiyə həsr olunan tədbir keçirilib

AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə professor Hamlet İsaxanlının iştirakı ilə tədbir keçirilib.İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbiri giriş sözü ilə açaraq bildirib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz əsərləri şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dahi mütəfəkkirin parlaq irsinin öyrənilməsi haqqında verilmiş qərar, yubileylərinin dövlət səviyyəsində keçirilməsi şairin əsərlərinin daha geniş tədqiqi və təbliği işində mühüm rol oynayır. AMEA-nın Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır, onun doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb.

Sonra Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı “Nizaminin coğrafi məkan və zaman fəlsəfəsi” mövzusunda məruzə edib. H.İsaxanlı fars dilində yazan şairin sətri tərcümələri əsasında əsərlərinin tədqiqi ilə məşğul olduğunu və əsasən ingilis dilində silsilə məqalələr yazaraq çap etdirdiyini bildirib. Nizami Gəncəvi haqqında İngiltərədə amerikalılar tərəfindən dərc edilən irihəcmli ikicildlik kitabın bir fəslinin müəllifinin özü olduğunu söyləyən  professor nəşrdə böyük mütəfəkkirin baxışları, fəlsəfi fikirləri, Çin haqqında düşüncələrinə öz münasibətini bildirib, əsərlərini coğrafi məkan və zaman baxımından təhlil edib. Diqqətə çatdırıb ki, insanın dünyagörüşünün təyin edilməsində ilk əvvəl onun coğrafi təsəvvürləri əsas rol oynayır. Bu baxımdan Nizaminin dünyanın coğrafi - fiziki, siyasi, iqtisadi xəritəsi haqqındakı bilikləri mühüm rol oynayır. Şair eyni zamanda tarix, ədəbiyyat, musiqi, təsviri incəsənət haqqında biliklərə malik, müxtəlif elmlərdən kifayət qədər xəbərdar olan geniş dünyagörüşlü şəxsiyyət olub. 

Məruzəsinin sonunda H.İsaxanlı tədbir iştirakçılarının müəllifin Nizami haqqındakı tədqiqatına dair çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: