Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2021 16:28
  • A-
  • A
  • A+

“44 günlük qələbənin tarixi salnaməsi” mövzusunda tədbir keçirilib

“44 günlük qələbənin tarixi salnaməsi” mövzusunda tədbir keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibəti ilə “44 günlük qələbənin tarixi salnaməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra tədbiri giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev bildirib ki, “Dəmir Yumruq” əməliyyatı və ya İkinci Qarabağ müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər.

Yığıncaqda çıxış edən Azərbaycan bayrağı ordenli, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunması münasibətilə medalları ilə təltif olunmuş polkovnik Aydın Şixəliyev qeyd edib ki, gənclərimizin böyük səy, vətənpərvərlik nümayiş etdirdiyi sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Eldəniz Sadıqov qeyd edib ki,  44 gün ərzində Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirib. 2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra Xarıbülbülün vətəni, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.

Tədbirin sonunda Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Humay İsayeva “Vətən müharibəsindəki qələbənin gənclərimizin vətənpərvərlik tərbiyəsi işindəki əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Gənc alim çıxışında bildirib ki, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq, bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: