AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Juárez Autónoma de Tabasco” Universitetinin elmi dəstəyi ilə Meksikada keçirilən Beynəlxalq Latın Amerikası Sosial və Bəşəri Elmlər konfransında iştirak edib.
Konfransın işinə onlayn qatılan şərqşünas “Ərəb mühacirlərin Amerika arzuları” adlı məruzə ilə çıxış edib.
Məruzədə müasir ərəb ədəbiyyatında “mühacirlər mövzusu”na toxunulub və ayrı-ayrı səbəblərdən müxtəlif ölkələrə köçən ərəblərin timsalında mühacir həyatı ilə bağlı reallıqlar misirli yazıçı Camal Əmrinin “Bizim latın kəndimiz. Qeyri-leqal mühacirin qeydləri” əsəri əsasında təhlil edilib. X.Ələkbərova əsərdə diqqət çəkilən əsas məsələləri - xoş güzəran dalınca mühacirət edənlərin puç olan arzularını, xəyal etdikləri ilə qarşılaşdıqları mənzərə arasındakı fərqi və dəyişməyən eyni problemləri xüsusi vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.