Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu

AMEA Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu

AMEA Rəyasət Heyətinin bugünkü iclasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətini təqdim etdi. Bildirdi ki, 2014-cü ildə Naxçıvan Bölməsinin tərkibindəki elmi-tədqiqat müəssisələrində 2014-cü il üçün təsdiq edilmiş plana uyğun olaraq 6 elmi istiqamətdə 32 elmi-tədqiqat işi yerinə yetirilmişdir.

2014-cü ildə bölmə əməkdaşlarından 4 nəfər fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 7-si isə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiyası müzakirədən keçərək müdafiəyə buraxılmışdır. Bölmə əməkdaşlarından 1 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər AMEA-nın müxbir üzvü seçilmiş, 1 nəfər professor, 13 nəfər dosent elmi adı almışdır.

İ.Hacıyevin sözlərinə görə, 2014-cü ildə Naxçıvan Bölməsi əməkdaşlarının 22 monoqrafiya, 7 kitab, 1 dərs vəsaiti, 468 məqalə və konfrans materialı, 3 tezisi olmaqla 501 elmi əsəri nəşr edilmişdir. Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 169 məqalə və konfrans materialı xaricdə çapdan çıxmışdır. Məqalələrdən 10-u impakt faktorlu jurnallarda nəşr olunmuşdur. 2014-cü ildə AMEA Naxçıvan Bölməsində 1 beynəlxalq, 20 respublika səviyyəli konfrans, 15 iclas, 40 seminar keçirilmişdir.

Məruzəçi qeyd etdi ki, ötən il ərzində bölmə əməkdaşları respublikada və xaricdə 26 beynəlxalq simpozium, konqres, konfrans və tədbirlərdə iştirak və məruzələr etmişlər. Həmçinin AMEA Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında “2014-2016-cı illər üzrə elm sahəsində əməkdaşlıq haqqında” protokol imzalanmışdır.

2014-cü ildə Naxçıvan Bölməsində AR Prezidentinin 19 adda fərman və sərəncamları, AR Nazirlər Kabinetinin 10 qərar və sərəncamları icra edilmişdir. Hesabat ilində AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin müxtəlif məsələlərlə bağlı 62 qərarı, 2 sərəncamı qəbul edilmişdir.

Naxçıvan Bölməsinin Elmi Kitabxanası əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də öz fəaliyyətini kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində kitabxana proseslərinin həm ənənəvi, həm də elektron formada yerinə yetirilməsi istiqamətində davam etdirmiş, tədqiqat işlərinə əsasən tərtib olunmuş kartotekaya uyğun olaraq fondlarını komplektləşdirməyə çalışmışdır. Hesabat ilində Bölmənin Elmi Kitabxanası 355 oxucuya ənənəvi və elektron formada xidmət göstərmişdir.

Sonda akademik İ.Hacıyevin məruzəsini və çıxışlarda qeyd olunanları nəzərə alaraq AMEA Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: