Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Gəncə Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu

AMEA Gəncə Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu

AMEA Rəyasət Heyətinin bugünkü iclasında AMEA Gəncə Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə olundu. Hesabatı bölmənin akademik-katibi, akademik Fuad Əliyevtəqdim etdi. Bildirdi ki, 2014-cü ildə Gəncə Bölməsində elmi-tədqiqat işləri AMEA Rəyasət Heyətinin təsdiq etdiyi mövzulara uyğun olaraq davam etdirilmişdir. İnstitutlarda texniki elmlər sahəsindəki elmi-tədqiqat işləri Qərb bölgəsindəki təbii sərvətlərin səmərəli istifadə olunması, ekoloji problemlərin həlli üçün təkrar emal texnologiyaların işlənib hazırlanması, qeyri-neft sektorunun inkişafına dair verilən sərəncamlardan irəli gələn qərarların həyata keçirilməsi istiqamətində aparılmışdır.

Bölmənin elmi-tədqiqat işləri 26 mövzuya daxil olan 31 iş 16 mərhələdə yerinə yetirilmiş, 3 mühüm elmi nəticə alınmışdır. Boksitin qırmızı mədindən koaqulyatın alınması texnologiyası işlənib hazırlanmış, Nizami Gəncəvinin “Yeddi gözəl” poeması yazıldığı ölçüdə – əruzun xəfif bəhrində tərcümə edilərək çap edilmiş, ilk dəfə olaraq Gəncədə yerli sənətkarlığın şəhər mədəniyyətinin inkişafında əhəmiyyəti elmi əsaslarla öyrənilmişdir.

Akademik F.Əliyev vurğuladı ki, Gəncə Bölməsində keçirilən 18 elmi şura iclasında AMEA Rəyasət Heyəti tərəfindən göndərilən qərar və sərəncamlara baxılmış, elmi tədqiqatların yekunlarına dair hesabatların müzakirəsi aparılmış və müxtəlif mövzuda seminarlar dinlənilmişdir. O, hesabat ilində bölmə əməkdaşlarından bir nəfərin AMEA-nın həqiqi üzvü, bir nəfərin isə müxbir üzv seçildiyini, 2 nəfərin fəlsəfə doktoru elmi dərəcəsi aldığını, bir doktorantın ilkin müdafiəsinin keçirildiyini diqqətə çatdırdı.

Bölmənin akademik-katibi qeyd etdi ki, 2014-cü ilin fevral ayında AMEA Rəyasət Heyətinin Gəncə şəhərində keçirilən Səyyar iclasında Gəncə Bölməsində Distant Təhsil Mərkəzinin yaradılması barədə qərar qəbul edilmiş və İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Gəncə Bölməsində genişzolaqlı İnternet texnologiyasının əsasını təşkil edən fiber-optik kabel xətləri çəkilmiş, “AzScienceNet” şəbəkəsinin infrastrukturu yaradılmışdır. Müvafiq istiqamətdə fəaliyyətin davamı olaraq, burada İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi fəaliyyətə başlamışdır.

2014-cü ildə AMEA Gəncə Bölməsinin beynəlxalq əlaqələri də genişlənmiş, Gəncə Bölməsi Beynəlxalq Nəzəri və Tətbiqi Elmlər Akademiyasının elmi təşkilat komitəsində təmsilçilik hüququ əldə etmiş, 2014-cü il üçün Ümumdünya Gənc Alimlər Forumunun Humanitar Elmlər Komitəsinin moderator-ekspert Şurasına rəhbər qurum seçilmişdir. Bölmənin alimləri ABŞ-da, Fransada, Almaniyada və Kiprdə elmi məruzələrlə çıxış etmişlər.

Məruzəçinin sözlərinə görə, bölmədə qarşıda duran əsas vəzifələrdən biri də gənc elmi kadrların hazırlanması olmuşdur. AMEA Rəyasət Heyətinin Sərəncamına əsasən Gəncə Bölməsində doktoranturaya qəbul imtahanları keçirilmiş, nəticədə 2 nəfər doktoranturaya, 1 nəfər isə dissertanturaya qəbul edilmişdir.

AMEA Gəncə Bölməsində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının doktorantura təhsili alan istedadlı gənc tədqiqatçılarının xarici nüfuzlu elmi nəşrlərdə, impakt faktorlu jurnallarda məqalələrinin çapı təşkil edilmişdir. Nəticədə AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin dünyanın 21 ölkəsində 74 elmi əsəri dərc edilmişdir.

Hesabat ilində Gəncə Bölməsinin əməkdaşları tərəfindən 19 kitab, 24-ü impakt faktorlu jurnalda olmaqla 138 məqalə, 9 tezis çap etdirilmişdir.

Sonda AMEA Rəyasət Heyətinin qərarı ilə bölmənin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat qənaətbəxş hesab edildi, akademik Fuad Əliyevə bir sıra tapşırıqlar verildi. Bölmədə yaradılmış distant təhsilin imkanlarından geniş istifadə edilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi və s. qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: