Bu gün AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev akademiyanın www.science.az veb-portalının yeni versiyasının istismara verilməsi haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, AMEA-nın rəsmi veb-portalı olaraq www.ab.az adı ilə 1995-ci ildə istismara verilmiş, Azərbaycanın ilk portalı olan www.science.az meqaportalı 20 ildir uğurla fəaliyyət göstərir, informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində qloballaşan və virtuallaşan müasir dünyada Azərbaycan elminin informasiya təminatında mühüm rol oynayır. Portalın əsas məqsədi AMEA haqqında müvafiq məlumatların, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin AMEA-nın əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir.
Son zamanlar AMEA-da aparılan islahatlar və struktur dəyişiklikləri, AMEA Rəyasət Heyətinin yeni korporativ üslubunun formalaşdırılması, həmçinin yeni texnologiyaların meydana gəlməsi portalın daha da təkmilləşdirilməsi zərurətini meydana çıxarmışdır. Bu zərurətdən irəli gələrək AMEA Rəyasət Heyətinin 3 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “AMEA Rəyasət Heyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planı"nda digər məsələlərlə yanaşı, www.science.az portalının yeni versiyasının hazırlanması da nəzərdə tutulmuşdur.
Məruzəçinin sözlərinə görə, qərarın icrasını təmin etmək məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən ən yeni texnologiyaların tətbiq olunması şərtilə portalın yeni versiyası hazırlanmışdır. Yeni versiya AMEA Rəyasət Heyəti aparatı, AMEA-nın elmi müəssisə və digər təşkilatlarının strukturu və fəaliyyəti, AMEA-nın sabiq prezidentləri, fəxri, həqiqi və müxbir üzvləri, elmi müəssisə və digər təşkilatlarda çalışan elmlər doktorları və fəlsəfə doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətləri, elmi nailiyyətləri, elmi-pedaqoji fəaliyyətləri, əsas elmi əsərləri və s. haqqında məlumatları dəqiq və tam şəkildə əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik informasiya sistemidir. Bundan əlavə, portalda Azərbaycan Respublikası Prezidenti tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə də AMEA-nın dövri nəşrləri yerləşdirilir.
Akademik R.Əliquliyev portalın yeni versiyasında AMEA Rəyasət Heyəti və AMEA-nın müxtəlif qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlər haqqında video-informasiyanın yerləşdirildiyi, həmçinin bu tədbirlərin birbaşa yayımının həyata keçirildiyi ElmTV-nin də fəaliyyət göstərəcəyini vurğuladı.
Sonda AMEA Rəyasət Heyəti www.science.gov.az veb-portalının yeni versiyasının istismarını yüksək səviyyədə təşkil etmək məqsədilə bir sıra qərarlar qəbul etdi. AMEA-nın www.science.az veb-portalının yeni versiyasının istismarına rəhbərlik AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinə həvalə edildi.
Qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə tapşırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.