Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2021 17:04
  • A-
  • A
  • A+

UNESCO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunan beynəlxalq konfrans fəaliyyətə başlayıb

UNESCO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunan beynəlxalq konfrans fəaliyyətə başlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) UNESCO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb.

Xaricdən və respublikamızdan çoxsaylı elm adamlarının qatıldığı konfrans AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, UNESCO Azərbaycan Respublikasının Milli Komissiyası və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı  ilə “Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər” mövzusunda hibrid rejimdə keçirilib.

Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə çıxışında bu formatda konfransların keçirilməsini daha keyfiyyətli birgə əsərlər yazmaq və dünya elmi mətbuatında müntəzəm yazılar dərc etmək baxımından dəyərli olduğunu bildirib. Alim Nizami Gəncəvinin öz yaradıcılığı ilə nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərq və bəşər ədəbiyyatına böyük töhfələr bəxş etdiyini vurğulayıb və Nizami irsinə yanaşmanın fəlsəfəsi haqqında danışıb.

MEK-in baş direktoru, professor Məmməd Əliyev 2021-ci ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb, bununla əlaqədar Akademiyada görkəmli ədibə həsr olunmuş konfransların, seminarların keçirildiyini, kitabların nəşr olduğunu vurğulayıb. “Bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş onlarla kitab işıq üzü görüb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində”, AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirovun “Мыслитель, затменный славой поэта. О научном мировоззрении Низами Гянджеви” adlı kitabları, MEK-in İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsaiti və digərlərini qeyd etmək olar”,-deyə baş direktor bildirib.

Konfransda Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut “Azərbaycanın şeir ədəbiyyat ustası: Nizami Gəncəvi” adlı məruzəsi zamanı, Nizami yaradıcılığında fikirlərin istiqamətlənməsi və cəmiyyətin inkişafına təsir edən çox vacib nüansların olduğunu bildirib. Alim qeyd edib ki, Nizami Gəncəvi kimi dünya ədəbiyyatının inkişafına təsir edən şairlər böyük ustad kimi xatırlanır, elmi və fəlsəfi yöndən də öyrənilir.

Türkiyənin Galatasaray Universitetinin fəlsəfə doktoru, dosent Pol Andre Balanfa -“Klassik fəlsəfədə varlığın əksi” adlı məruzəsində Nizami şeirlərinin fələsəfəsinin dərinliyinə toxunub, böyük mütəfəkkirin cəmiyyətin anlayacağı və onun düşüncəsinə uyğun tərzdə əsərlər yazdığını qeyd edib.

Beynəlxalq konfransda, həmçinin AMEA-nın müxbir üzvü Könül Bünyadazadə “Nizami Gəncəvinin qadın obrazları haqqında bir neçə söz”, Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Fəlsəfi baxış və ünsiyyət: kommunikasiyaya epistemoloji yanaşma”,  Əlcəzair Milli-Elmi Araşdırmalar Mərkəzinin doktoru Uiza Qallez “Nizami dövründə fəlsəfə və sufizm”, Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsinin müdiri Azər Mustafayev “Nizami Gəncəvənin fəlsəfi irsində insan problemi”, sözügedən müəssisənin Müasir dünyanın fəlsəfi problemləri şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əli Abasov “Nizami Gəncəvi poeziyasında mistisizm” mövzularında məruzələr ediblər.

Konfrans iki gün davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: