Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerləşən Ərazi partiya təşkilatının hesabat konfransı keçirilib.
İclasda institutun baş direktoru akademik Vaqif Fərzəliyev, YAP-nın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Aşqarlar Kimyası İnstitutun Ərazi partiya təşkilatının sədri Vəli Kazımov, YAP üzvləri və fəalları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, akademik Vaqif Fərzəliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən YAP-ın yaranmasından indiyə qədər keçdiyi yol, əldə olunan böyük nailiyyətlər haqqında məlumat verərək, sözügedən partiyanın həqiqətən dünənin, bu günün və sabahın partiyası olduğunu bildirib. O, təmsil olunduğu partiyanın daim yeniləşən partiya kimi Azərbaycanın min bir əziyyətlə qazanılan müstəqilliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün bərpa olunmasının əsas hədəf olduğunu və buna tam nail olunduğunu diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP ötən dövrdə ümumxalq birliyinin formalaşmasında bir siyasi qüvvə rolunu oynayıb. O qeyd edib ki, 21 noyabrda hakim partiyanın yaranmasının 29-cu ildönümü tamam olacaq: “Bu dəfəki ildönümünü qalib ölkənin hakim partiyası kimi qeyd edəcəyik və bunun xüsusi əhəmiyyəti vardır”.
Təşkilat sədrinin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 il işğal altında olan torpaqları azad etdikdən sonra yeni reallıqlar yaranıb və YAP da bu reallıqlardan çıxış edərək, yeni strateji hədəflər müəyyənləşdirərək, həyata keçirir.
B.Nəbiyev yeni mərhələdə partiya üzvlərinin daha fəal olmasını ölkəmizin parlaq gələcəyi naminə daha çox işlər görməyin zəruriliyini bildirib.
Sonra institutun Ərazi partiya təşkilatının sədri k.ü.f.d., dosent Vəli Kazımov rəhbərlik etdiyi təşkilatın ötən dövr ərzində yerinə yetirdiyi ictimai fəaliyyət haqqında hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında çıxışlar və fikir mübadiləsi olub. Müzakirələrdən sonra hesabatın yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.
Daha sonra Aşqarlar Kimyası İnstitutunun Ərazi partiya təşkilatına sədr və müavin vəzifələrinə səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə Vəli Kazımov yenidən təşkilatın sədri, Səbiyə Osmanova isə sədrin müavini vəzifələrinə seçiliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.