AMEA-nın Şəki Regional Elmi Mərkəzində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Milli Dirçəliş Gününün əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsindəki xidmətlərindən bəhs edib. Bildirib ki, xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən dövrə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda şərəfli bir dövr olduğunu görmüş olarıq.
Y.Şükürlü vurğulayıb ki, xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələ olan 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Daha sonra Mərkəzin elmi katibi E.Abdurahmanov çıxış edərək 1980-ci illərin sonunda SSRİ-nin tənəzzülü prosesinin gedişində bir çox ölkələrdə müstəqillik uğrunda mubarizə hərəkatlarının başlanması, Azərbaycan xalqının öz fədakarlığı, mübarizə əzmi ilə fəqlənməsi, hadisələrin dünya mətbuatında işıqlandırılmasından danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.