17 noyabr 2021-ci il tarixində Çinin Pekin şəhərində İpəkyolu Beynəlxalq Muzeylər Alyansının “Rəqəmsallaşma və İnnovasiya: Post-Pandemiya Dövründə Muzeylər” mövzusunda II konfransı keçirilib.
Onlayn formatda təşkil olunmuş konfransda Azərbaycan, Belarus, Çin, Əlcəzair, Qazaxıstan, Macarıstan, Myanma, Latviya, Lixtnşteyn, Polşa, Rusiya, Serbiya, Tailand muzeylərinin rəhbər və nümayəndələri iştirak ediblər.
Konfransda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı “Rəqəmsallaşma və İnnovasiya: Post-Pandemiya Dövründə Muzeylər” mövzusunda çıxış edərək, muzeyin elmi fəaliyyətindən, eksponatların qorunub mühafizə olunması və bərpa texnologiyasından danışıb. N.Vəlixanlı muzeyin pandemiya dövründəki və hazırki fəaliyyəti haqqında, H.Z.Tağıyevin Xatirə muzeyinin yeni texnologiya-iriölçülü ekranla (touchscreen) təchiz edilməsi, 3D piramida ilə nümayiş olunan sərgilər, 100 illik yubiley ərəfəsində görülən işlər, muzeyin müxtəlif fondlarında qorunan unikal materialların muzeyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdə ziyarətçilərin ixtiyarına verilməsi barədə ətraflı çıxış edib.
Həmçinin N.Vəlixanlı 2020-ci ildə muzeydə II Qarabağ müharibəsi zamanı yeni Vətən müharibəsi fondunun yaradılmasının böyük təşəbbüs olduğunu vurğulayaraq qeyd edib ki, bu fondun yaradılmasında məqsəd Azərbaycan xalqının bu müharibədə göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir.
Eyni zamanda, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların fəaliyyətinin təşkili” mövzusunda keçirilmiş vebinarda 2020-ci ilin əvvəlindən dünyanı bürüyən COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların fəaliyyəti, elmi işlərin aparılması, sərgilərin və oxucularla işin təşkili zamanı yaranmış çətinliklər və onların həlli ilə bağlı maraqlı çıxışların olduğu da konfrans iştirakçılarının nəzərinə çatdırılıb.
Sonda N.Vəlixanlı muzeyin əsas məqsədinin ekspozisiya məkanına yeni nəfəs vermək, xüsusilə pandemiya zamanı muzey işinin fəaliyyətində fasilələrin yaranmasına mümkün qədər yol verməmək olduğunu bildirib.
Konfransda muzeylər arasında beynəlxalq əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması haqqında müzakirələr olub.
Xatırladaq ki, 2018-ci il İpəkyolu Beynəlxalq Muzeylər Alyansının I konfransında akademik Nailə Vəlixanlı alyansın 9 vitse-prezidentdən biri seçilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.