Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2021 11:14
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib

Azərbaycanlı alim beynəlxalq konfransda iştirak edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, t.e.ü.f.d. İsmayıl Zeynalov Moskva şəhərində Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun keçirdiyi “Yerin kosmosdan məsəfədən zondlanmasının müasir problemləri” adlı on doqquzuncu beynəlxalq konfransa qatılıb.

Rusiya Təhsil Nazirliyi, “Planeta” Elmi Tədqiqat Mərkəzi, Rusiya Kosmik Sistemləri ASC-i, Roshidromet və Roskosmosun təşkilatçılığı ilə təşkil olunan konfrans ətraf mühitin, potensial təhlükəli hadisələrin və obyektlərin monitorinqinin fiziki əsasları, üsulları və texnologiyalarının tədqiqinə həsr olunub.

Onlayn formatda konfransa qoşulan azərbaycanlı alim “Azərbaycan ərazisində radioaktiv yağıntıların aşkar edilməsi zamanı aşağı orbitli peyklərin rolu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, atom elektrik stansiyalarında baş verə biləcək qəzalar zamanı bölünməz hissəciklər şəklində ətraf mühitə böyük miqdarda radioaktiv maddələr buraxılır ki, həmin maddələr sonradan geniş məsafələrə yayılaraq radioaktiv tullantılar şəklində qonşu dövlətlərin ərazisinə düşür. Bu ərazilərdə yağıntıların əmələ gəlməsi ilk növbədə rütubətin miqdarı, havanın nisbi rütubəti, onun qalxma şəraiti və müxtəlif mənşəli hava kütlələrində buxarlanma ilə müəyyən edilir ki, bu da sirkulyasiya zamanı potensial olaraq çöküntüyə çevrilir.

Coğrafiyaçı alim yerin uzaqdan zondlanmasının müasir üsul və vasitələrindən istifadə etməklə ətraf mühitin radioaktiv çöküntülərlə çirklənməsinin operativ monitorinqini aparmağın lazımlığını diqqətə çatdırıb. O sözügedən tədqiqatın aşağı orbitli peyklər vasitəsilə radioaktiv tullantıların aşkarlanmasının tərkib hissəsi olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: