Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.11.2021 16:09
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Oksford Universitetinin nümayəndələri ilə görüş keçirilib

Seysmoloji Mərkəzdə Oksford Universitetinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce noyabrın 23-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzini (RSXM) ziyarət ediblər.

Qonaqlarla görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, mərkəzin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.

Tədbirdə çıxış edən Q.Yetirmişli Oksford Universiteti ilə Seysmoloji Mərkəz arasında ikitərəfli əməkdaşlıq və birgə elmi tədqiqatların aparılması, eləcə də birgə elmi layihələrin həyata keçirilməsinə dair təşəbbüsləri müsbət qiymətləndirərək əməkdaşlıq üçün real imkanlar olduğunu qeyd edib. Onun sözlərinə görə, Oksford Universiteti ilə RSXM arasında əməkdaşlığa dair tərəflər arasında bir neçə dəfə onlayn görüşlər keçirilib və həmin görüşlərdə də əməkdaşlıq perspektivləri müzakirə olunub.

Oksford Universitetinin professoru Riçard Voalker isə RSXM tərəfindən aparılan tədqiqatları yüksək qiymətləndirərək mərkəzlə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib. Qonaq bildirib ki, birgə elmi tədqiqatların aparılması, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi üçün yaxşı imkanlar var. O, həyata keçiriləcək layihələrə Bp şirkətinin qoşulmasının mümkünlüyünü də istisna etməyib.

Daha sonra qonaqlara mərkəzdə aparılan işlərə dair təqdimat nümayiş olunub. RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təqdimatda mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar və alınmış nəticələr haqqında məlumat verib.

Oksford Universitetinin professoru Riçard Voalker və universitetin əməkdaşı İan Pierce isə öz təqdimatlarında kosmik çəkilişlər vasitəsi ilə zəlzələdən sonra Yer səthində yaranmış qırılmalara dair şəkillər və onların emalı nəticəsində əldə olunmuş məlumatlar haqqında danışıblar. 

Pole-seysmologiya sahəsində birgə əməkdaşlığın mümkünlüyünü bildirən R.Voalker bununla bağlı mərkəz əməkdaşlarına treninq və təlimlər keçirilməsinin mümkünlüyünü istisna etməyib.

Görüşün sonunda xatirə şəkli çəkilib və qonaqlara hədiyyələr təqdim olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: