AMEA-nın A.A Bakıxanov adına Tarix İnstitutunda Azərbaycan Səfəvilər dövlətinin yaranmasının 520 illiyi münasibəti ilə dəyirmi masa keçirilib.
Konfransı giriş sözü ilə institutun icraçı direktoru Cəbi Bəhramov açaraq bildirib ki, üç min illik dövlətçilik tarixində məhz Səfəvilər Azərbaycan torpaqlarını bir dövlətin tərkibində, bir bayraq altında birləşdirməyə nail olub. Azərbaycan Səfəvilər dövləti Azərbaycan milli tarixinin qızıl dövrüdür. Milli kimliyimizi formalaşdıran dövr kimi tarixə düşüb. C.Bəhramov Azərbaycan türklərinin qurduğu bu dövlətin təkcə hərb tariximizdə deyil, eləcə də dövlət quruculuğu tariximizdə mühüm yer tutduğunu vurğulayıb.
Tədbirdə çıxış edən t.e.d. Tofiq Nəcəfli bildirib ki, Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin babasının başladığı işi başa çatdırdığını, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildiyini qeyd edib.
Dəyirmi masada çıxış edən tarix elmlər doktoru, professor Ş.Fərzəliyev qeyd edib ki, Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai həm şah, həm də şair kimi tarixdə iz qoyub. Şah İsmayıl Azərbaycan dilində gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Dəhnamə” (“On məktub”) poemasının müəllifidir. Şah İsmayıl Şərq tarixində görkəmli sərkərdə və dövlət xadimi kimi tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində Xətai təxəllüslü şair kimi də şərəfli yeri var. O, təkcə ana dilində yazan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etməyib, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edib.
Konfransda tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov çıxış edərək bildirib ki, Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətləri, hətta o vaxtlar Azərbaycana gələn Qərb diplomatlarında da heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik.
Tədbirin sonunda məruzələr ətrafında çıxışlar olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.