Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2021 11:15
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında cari il üzrə hesabatların dinlənilməsi davam edir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında cari il üzrə hesabatların dinlənilməsi davam edir

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib.

İclası AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd edib ki, bu gün Koordinasiya birləşmələri və Nano və elektrokataliz şöbəsinin hesabatları dinləniləcək. Qeyd olunan şöbələr üzrə 4 laboratoriyanın 2021- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcədə baş və aparıcı elmi işçilərin məruzələri dinlənilib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd etmək lazımdır ki, cari ildə indiyə qədər və  bu gün hesabat verən iki şöbənin apardıqları elmi-tədqiqat işləri nəticəsində mühüm elmi və praktiki nəticələr əldə olunub. Belə ki, Oksidləşdirici heterogen kataliz şöbəsində alınmış təcrübi nəticələr əsasında modifikasiya olunmuş təbii klinoptilolit seoliti üzərində metanın 1,4-butandiola oksidləşdirici çevrilməsi reaksiyasının ehtimal olunan mərhələli mexanizmi təklif olunub və prosesin nəzəri əsaslandırılmış kinetik modeli tərtib olunub. Prosesin kinetik modeli riyazi modelin yaradılmasında və iri miqyaslı reaktorların optimal layihələndirilməsində istifadə oluna bilər. Eyni zamanda şöbədə nəzəri əsaslandırılmış kinetik model əsasında xlorkarbohidrogenlərin katalitik oksidləşmə prosesi üçün optimal reaktor tipi seçilib. Müəyyən edilib ki, xloretilenlərin selektiv oksidləşməsi prosesini “qaynar” katalizator laylı reaktorlarda, dərin oksidləşmə proseslərini isə “tərpənməz” laylı reaktorlarda ideal sıxışdırma modeli tərtib etməklə həyata keçirmək məqsədə uyğundur.

Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyalari şöbəsi üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq laboratoriya şəraitində smart biomimetik material və Ag əsasında biomimetik sensor işlənib hazırlanıb. Bu sensorlar uzunmüddətli stabilliyi, yüksək həssaslığı, oksidləşdiriciyə qarşı davamlı, təkrar istifadəsi kimi xüsusiyyətləri ilə mövcud sensorlardan üstündür və H2O2-in çox aşağı  qatılığını (10-8 küt.%) su məhlulunda təyin etməyə imkan verir. Şöbə əməkdaşları tərəfindən eyni zamanda  aerob oksidləşmə proseslərində yüksək selektivliyə və seçiciliyə malik dəmir saxlayan çoxlaylı karbon nanoboruları işlənib hazırlanıb Fe@(ÇLKNB= CVD-4 – Fe-9,8% və CVD-5 Fe= 22,8% ). Göstərilib ki, bu katalizatorlar universaldır və hər bir homoloji sıradan olan karbohidrogenin oksidləşmə prosesində yüksək effektivlik nümayiş etdirir.

Nano-və elektrokataliz şöbəsində g-C3N4 / Х (Х= KOH və ya NaOH) tərkibli üzvi mənşəli heterogen kompozit katalizatorlar sintez olunub. Bu katalizatorların iştirakı ilə asetilenin hidrogenləşməsi reaksiyası çox yumşaq şəraitdə (20-50°C), hətta çox aşağı temperaturda (-5 ÷ -20°C) baş verir. Hidrogenləşmə prosesində asetilenin konversiyası 81-91%, etilenə görə selektivlik 83-90% və etanın çıxımı 10-15% təşkil edir. Nəticədə  mezopor morfologiyalı polimer karbon nitrid katalizatoru asetilenin etilenə selektiv hidrogenləşmə prosesini daha sadə və effektiv texnologiya üzrə otaq temperaturunda reallaşmasını təmin edir.

Koordinasiya birləşmələri şöbəsində cari ildə aparılan tədqiqat işlərinin nəticəsi olaraq sintez olunmuş Menitratların (Mn, Fe, Co, Bi, La) hidrotermal reduksiyası ilə müxtəlif mühitlərdə (etilenqlikol, qarışqa turşusu) və müxtəlif mol nisbətlərində kompozit materialların element və faza tərkibinin, maqnit, optik və termiki xassələri tədqiq edilib. Müəyyən olunub ki, 3 komponentli sistemin histoqramında müşahidə olunan ultradispers zərrəciklərin orta ölçüsü ikili sistemlə müqayisədə təqribən iki dəfə böyükdür. Sintez olunmuş kompozit materialların istifadə olunma sahələri müəyyən edilib. Eyni zamanda şöbədə üzvi həlledici mühitində istifadə oluna bilən yeni elektrodun işlənib hazırlanması məqsədilə heksa-, okta- və dekametilferrosen, həmçinin onların müvafiq kationlarından ibarət MenFс/MenFс+ (n = 6,8,10) redoks sistemlərinin elektrokimyəvi dönərliyi tsiklik voltampermetriya üsulu ilə sübut edilib. Yarımdalğa potensialına müxtəlif həlledicilərin təbiətinin təsiri araşdırılaraq müəyyən edilib ki, MenFc/MenFc+ (n=6,8,10) redoks-sistemləri müqayisə elektrodlarına qoyulan 7 tələbata tam cavab verir, məhlulda daha davamlıdır və hazırda qismən tətbiq edilən Fс/Fс+ elektrodu əvəzinə tətbiq edilməsi təklif olunur.

Sonra akademik Dilqəm Tağıyev bildirib ki, növbəti ildə görüləcək işlər ayın sonuna qədər müəyyənləşdirilməli və Rəyasət Heyətinə təqdim olunmalıdır. Alim şöbə və laboratoriya rəhbərlərinə müraciət edərək qeyd edib ki, növbəti ildə prioritet istiqamətlər üzrə innovativ işlərə üstünlük verilməli, eyni zamanda fundamental işlər davam etdirilməlidir. Sonda  qeyd olunan şöbələrin hesabatlarının  qəbul olunması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: