Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2021 15:48
  • A-
  • A
  • A+

MEK əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

MEK əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və sözügedən müəssisənin Sərbəst elektron resurslar şöbəsinin əməkdaşı Rövşən Məmmədov Moskva şəhərində keçirilən “Kitab mədəniyyətinin müasir problemləri: əsas tendensiyalar və inkişaf perspektivləri” adlı XIV Belarus-Rusiya elmi konfransında iştirak ediblər.

Tədbirdə professor Məmməd Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında şəxsi kolleksiyaların yeri və rolu” mövzusunda çıxış edib. Alim bir əsrə yaxın yaşı olan kitabxananın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçərək, elmi müəssisə statusu almasından bu günə kimi keçdiyi inkişaf tarixinə nəzər salıb. Həmçinin MEK-in dünyanın bir neçə ölkəsi və beynəlxalq təşkilatları ilə yanaşı, Rusiya kitabxanaları ilə geniş əməkdaşlıq etdiyini də xüsusi vurğulayıb. MEK-də mövcud olan rusiyalı tanınmış ziyalıların şəxsi kolleksiyalarının tədqiqatçı alimlər üçün qiymətli mənbə olduğunu nəzərə çatdırıb.

Baş direktor çıxışı zamanı 44 gün davam edən və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı qazanılan qələbədən də danışıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətənin ərazi bütövlüyü və inkişafı naminə canlarını, sağlamlıqlarını qurban verən şəhidlərimiz, qazilərimizin qəhrəmanlıqlarını vurğulayıb, həmçinin AMEA MEK-də yaradılan “Qarabağ müharibəsi qəhrəmanları” fondu haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konfransda, həmçinin kitabxananın Sərbəst elektron resurslar şöbəsinin əməkdaşı Rövşən Məmmədovun MEK-in icraçı direktoru Şəhla Quliyeva ilə həmmüəllif olduqları “Nadir kitablar və qiymətli nəşrlər fondu: tarix və inkişaf perspektivi” mövzusunda təqdimatı da dinlənilib. Təqdimat zamanı Respublika üzrə XVI-XVII əsrlərə aid ən qədim kitabların məhz AMEA Mərkəzi Elmi Kitabxanasının Nadir və qiymətli nəşrlər fondunda xüsusi şəraitdə saxlanılması, burada qorunan ən qədim nəşrin 1502-ci ilə aid olması və həmin fondun gələcək fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Səfər çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Belarus Milli Elmlər Akademiyasının Yakub Kolas adına Mərkəzi Elmi Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev və sözügedən müəssisənin direktoru, professor Aleksandr Qruşa imzalayıblar.

Qeyd edək ki, beynəlxalq seminarda Azərbaycanla yanaşı, Belarus, Rusiya, Fransa, Çexiya elmlər akademiyalarının, ali təhsil müəssisələrinin, muzeylərinin, arxivlərinin, kitabxanalarının alimləri və aparıcı mütəxəssisləri iştirak ediblər. Burada kitab mədəniyyətinin inkişafı, yazı ənənələri, mətn kommunikasiyası, kitab və əlyazma fondlarının tarixi, nadir nəşrlərin mövcudluğu ilə bağlı geniş məsələlərin müzakirəsi də aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: