AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Surə Məmmədova, Aytən Xudiyeva, Gülarə Səbzəliyeva və Xəyalə Kərimova Türkiyə Cümhuriyyətinin Antalya şəhərində keçirilən “ANKOSLink 2021” beynəlxalq konfransında iştirak ediblər.
Səfər çərçivəsində kitabxana tərəfindən ANKOS-un prezidenti Güssün Güneşə, Antalya Elm Universitetinin rektoru Professor İsmail Yüksekə və Kırıkkale Universitetinin kitabxanasına AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən tərtib edilən və 2021-ci ildə işıq üzü görən “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici, “Qarabağ”, “Qədim Şuşa”, “Nizami Gəncəvi” (2 cildlik), “Qobustan” adlı dəyərli nəşrlər hədiyyə edilib, gələcək tərəfdaşlığa dair müzakirələr də aparılıb.
Qeyd edək ki, “ANKOSLink 2021” kitabxana informasiya texnologiyaları, məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlardan verilənlər bazasına abunəlik, yeni kitabxana xidmətləri və mövcud xidmətlərin inkişafı üçün şərait yaradan beynəlxalq konfransdır. “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həlləri” adlı konfransa dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana - informasiya mütəxəssisi qatılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.