AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin “İkinci Qarabağ müharibəsi və Cənubi Qafqazda meydana gələn yeni geosiyasi reallıqlar” mövzusunda məruzəsi dinlənilib. 30 illik zaman müstəvisində tariximizə nəzər salan tədqiqatçı əzəli torpaqlarımıza qarşı irəli sürülən saxta iddialar, Qarabağ məsələsinin ortaya çıxma səbəbləri, problemin həlli istiqamətində görülən işlər, BMT-nin qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, reallıqları təhlil edib. Dünyadakı güc təmərküzləşməsi, geosiyasi maraqlar, süni münaqişə ocaqları, beynəlxalq hüquq və Qərb dövlətlərinin sərgilədikləri ikili standartlar məruzənin aparıcı mövzuları olub. Bildirilib ki, 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi Azərbaycan torpaqları əks-hücum əməliyyatı sayəsində işğaldan azad edilib. Onun sözlərinə görə, bu qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb və siyasət meydanındakı qətiyyətli mübarizənin bəhrəsidir.
Alim Qarabağ məsələsində Rusiya, Fransa, İran, Türkiyə kimi dövlətlərin mövqeyindən, “Şuşa Bəyannaməsi”nin imzalanması və Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmindən söz açıb. Zəngəzur dəhlizinin əhəmiyyətindən, daşıyacağı mühüm tarixi missiyadan bəhs edən tədqiqatçı türk dövlətlərinin birliyinin labüd tarixi reallıq olduğunu diqqətə çatdırıb.
İclasda bölmənin Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “2022-ci il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında” 19 noyabr 2021-ci il tarixli Sərəncamı və Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr haqqında məlumat verib. Eyni zamanda 2022-ci il ərzində bölmədə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı müzakirəyə çıxarılaraq təsdiqlənib.
Daha sonra AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Əbülfəz Quliyev “Naxçıvan Muxtar Respublikası rayonlarının tarixi”, “Naxçıvan etnoqrafiyası” və “Naxçıvan Muxtar Respublikasının deyimləri” kitablarının hazırlanma vəziyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, tədqiqatların sistemli və əhatəli aparılması məqsədilə işçi qrupları yaradılıb, hər qrup öz istiqaməti üzrə araşdırmaları davam etdirir.
İclasda, o cümlədən Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi təsdiq olunub.
Sonda bir sıra cari məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.