AMEA-nın Polimer Materialları İnstitutunda illik hesabatların dinlənilməsinə başlanılıb.
Hibrid formada keçirilən tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq iclasın 2021-ci ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr edildiyini bildirib. O, cari ildə institutda 2 problem, 4 mövzu, 18 iş və 25 mərhələ üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edib.
Sonra institutun icraçı direktoru, 9 saylı İşığahəssas və optiki şəffaf polimer materiallar laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Kazım Quliyev və 8 saylı Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov çıxış edərək rəhbərlik etdikləri laboratoriyalarda il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, nəşr olunan məqalələr, əldə olunan mühüm nəticələr, beynəlxalq və yerli qurumlarla əlaqələr, qrant layihələri üzrə aparılan işlər və laboratoriyanın kadr potensialı haqqında ətraflı məlumat verib, sualları cavablandırıblar.
Daha sonra rəyçilərin çıxışları dinlənilib. Hesabatlar üzrə geniş müzakirələr aparılaraq təklif və iradlar səsləndirilib.
Təqdim olunan hesabatlar Elmi şura tərəfindən səs çoxluğu ilə qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.