Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2015 00:00
  • A-
  • A
  • A+

Yaponiyanın Tohoku Universitetinin professoru AMEA Fizika İnstitutunda məruzə ilə çıxış edib

Yaponiyanın Tohoku Universitetinin professoru AMEA Fizika İnstitutunda məruzə ilə çıxış edib

Martın 5-də AMEA Fizika İnstitutunda “Enerji materiallarının sıxlıq funksional nəzəriyyəsi (SFN) metodu ilə tədqiqi”mövzusunda seminar keçirilib. Tədbirdə Yaponiyanın Tohoku Universitetinin professoru Nurbosun Janpesiovun mövzu üzrə məruzəsi dinlənilib.

Tədbirdə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinin professoru Yevgeniy Çulkov, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və həmin institutun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı iştirak ediblər.

Seminarı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov açaraq məruzəçi haqqında məlumat verib. Bildirilib ki, əslən Qazaxıstandan olan N.Janpesiov kvant kimyası sahəsində tanınmış alimdir. 1999-cu ildən Yaponiyanın müxtəlif aparıcı universitetlərində çalışmışdır. 100-dən artıq elmi məqalənin müəllifidir.

Sonra N.Janpesiov çalışdığı universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, 1907-ci ildə yaradılmış Tohoku Universitetində o dövrdə cəmi üç fakültə (kimya, riyaziyyat və fizika) fəaliyyət göstərmişdir. Alim hazırda bu elm ocağında dünyanın müxtəlif yerlərindən olan tələbələrin təhsil aldığını diqqətə çatdırıb. Daha sonra N.Janpesiov “Enerji materiallarının sıxlıq funksional nəzəriyyəsi (SFN) metodu ilə tədqiqi” adlı məruzə ilə çıxış edib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırlıb.

Seminar akademik Dilqəm Tağıyevin çıxışı ilə davam etdirilib. Mövzunun müasir dövr üçün əhəmiyyətindən danışan D.Tağıyev gələcəkdə fizik, kimyaçı və nəzəriyyəçilərin birgə multidissiplinar fəaliyyətini təşkil etmək məqsədi ilə Beynəlxalq Fizika Mərkəzi, Fizika və Kataliz və Qeyri-üzvi Kimya İnstitutları arasında razılığın əldə olunacağına ümid etdiyini bildirib. Fizika İnstitutunun AMEA-nın aparıcı elmi müəssisələrindən biri olduğunu söyləyən akademik bu cür seminarların təşkilini məqsədəuyğun hesab edib.

Qonaqlar institutun İnnovasiya sektoru ilə də tanış olublar. Qonaqlara burada quraşdırılan müasir avadanlıqlar və görülən işlər barədə ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: