AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) prioritet istiqamətlərindən biri də dünya ölkələrinin kitabxanaları, eyni zamanda müasir kitabxana sisteminə inteqrasiya ilə məşğul olan beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Ölkənin nüfuzlu kitabxanaları sırasında yer alan müasir və elm yönümlü, bir əsrə yaxın yaşı olan MEK beynəlxalq platforma çərçivəsində də əməkdaşlığını uğurla davam etdirir.
Elə bu günlərdə beynəlxalq elmi konfransda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə ezam olunan MEK-in işçi qrupu Azərbaycanşünaslıq və MRY şöbəsinin əməkdaşları Surə Məmmədova, Aytən Xudiyeva, Sərbəst Elektron Resurslar şöbəsinin əməkdaşları Gülarə Səbzəliyeva və Xəyalə Kərimova ilə həmsöhbət olduq.
Müsahiblərlə söhbətimiz Mərkəzi Elmi Kitabxananın oxucularına göstərdiyi xidmət səviyyəsini artırmaq üçün bir sıra yeniliklərə imza atması ilə əlaqədar oldu.
- Son zamanlar MEK əməkdaşları istər ölkədə, istərsə də ölkə hüdudlarından kənarda kitabxana sahəsinin inkişafına dair keçirilən beynəlxalq elmi nəzəri və praktiki konfranslarda fəal iştirak edirlər. İşçi qrupu olaraq qatıldığınız “ANKOSLink2021” beynəlxalq konfrans haqqında nə deyə bilərsiniz?
- Son bir ilə yaxın müddətdə MEK komandasının tərkib hissəsi müəssisənin baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə bir sıra beynəlxalq tədbirlərdə, elmi konfranslarda, nüfuzlu xarici jurnallarda elmi məqalələrlə böyük fəallıqla iştirak edir, kitabxana fəaliyyətinin daha da genişlənməsi və resurslarının kitabxana istifadəçilərinə daha da əlçatan olması üçün öz layiqli töhfələrini verirlər. Türkiyənin Antalya şəhərində keçirilən “ANKOSLink 2021” də iştirak etdiyimiz bu konfranslar sırasındadır. Konfransın əsas işi dünya kitabxana sistemində ən son inkişafları izləmək, yeni və mövcud xidmətləri təkmilləşdirmək, eyni zamanda məlumat bazaları, smart kitabxanalar, elektron xidmətlər, beynəlxalq nəşriyyatlara abunəlik və COVID-19 sonrası kitabxana-informasiya şəbəkəsinin və kitabxana xidmətlərinin keyfiyyət spesifikasının inkişafına yönəlmişdi.
ANKOSlink şirkətləri həm özlərini, həm məhsullarını təqdim edə biləcəkləri zəngin sərgi imkanları ilə yanaşı, sektordakı ən son inkişafların müzakirə ediləcəyi bir akademik proqramı əhatə edir. Nüfuzlu alim və mütəxəssislərin məruzələri bu proqram çərçivəsində sektorun gələcəyini formalaşdıracaq məsələləri müzakirə edir. Bizim də qatıldığımız, “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həlləri” adlı konfransda dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana-informasiya mütəxəssisi iştirak edirdi. Sevindirici haldır ki, Azərbaycandan 10 nəfərlik qrupun sırasında biz də Mərkəzi Elmi Kitabxana adından böyük məmnuniyyətlə bu nüfuzlu tədbirə qatıldıq.
- Sözsüz ki, sizin təmsilçiliyinizlə MEK-in qatıldığı “ANKOSLink 2021” beynəlxalq konfransda gələcək əməkdaşlıq üçün hər hansı yeniliklər də olub.
- Bəli, heç kəsə sirr deyil ki, MEK beynəlxalq əlaqələrə böyük önəm verir. Mütəmadi olaraq fondlarında saxlanılan informasiya məhsulları barədə cəmiyyəti məlumatlandırır, mübadilə proqramı çərçivəsində oxucuların və elmi-tədqiqat işləri ilə məşğul olan araşdırmacıların tələblərinə uyğun xarici kitabxanalardan nəşrlər əldə edir. Bu baxımdan əməkdaşlıq çərçivəsində çap və elektron nəşrlərin mübadiləsi, müvafiq ədəbiyyatların əldə edilməsi, qarşılıqlı informasiya dəstəyi, kitab sərgilərinin təşkili, elektron resursların hazırlanması və işlənməsi, eləcə də tərəfdaşlarla birgə layihələr həyata keçirilir.
Türkiyəyə səfərimiz zamanı qarşıya qoyulan prioritet məsələlərdən biri də əməkdaşlığın qurulması idi. Səfər zamanı Antalya Elm Universiteti Kitabxanasının açılışında iştirak etdik. Kitabxana fonduna bizim də bir qatqımız olsun deyə universitetin rektoru, prof. Dr. İsmayıl Yükseke MEK adından dəyərli nəşrlərdən “Qobustan” və Mərkəzi Elmi Kitabxana tərəfindən ərsəyə gələn “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici təqdim edildi.
Təkcə bir faktı qeyd edək ki, pandemiyadan əvvəl də qatıldığımız beynəlxalq konfranslar çox olub. Amma budəfəki konfransda qardaş Türkiyə Cümhuriyyəti və digər ölkələrdən iştirak edən elm adamları Qarabağın azad olunması ilə əlaqəli bizi təbrik edirdilər. Qalib ölkənin vətəndaşları kimi iştirak etdiyimiz bu konfransda böyük fəxr hissi və qürur verici anlar yaşadıq.
Antalya Elm Universiteti Kitabxanası ilə Mərkəzi Elmi Kitabxana arasında gələcək əməkdaşlığa dair bir sıra yeniliklər nəzərdə tutuldu və kitab mübadiləsinin aparılması istiqamətində razılıq əldə edildi. Bundan əlavə, Ankosun prezidenti, Doç. Dr. Güssün Günəşin türkdilli ölkələrin kitabxana işçiləri ilə görüşündə Qazaxıstan, Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Düşünürük ki, sözügedən təşkilatlar tərəfindən yaxın zamanlarda MEK oxucuları üçün önəmli olacaq yeni layihələrə də start veriləcək. Bir məlumatı da qeyd edək ki, “McGraw Hill Education” və “Mildata” verilənlər bazası ilə artıq əməkdaşlığa başlanılıb.
- “McGraw Hill Education” və “Mildata” ilə əməkdaşlıq MEK üçün hansı üstünlükləri vəd edir?
- Əvvəlcə onu qeyd edək ki, “McGraw Hill Education” McGraw-Hill Companies (NYSE: MHP) nəşriyyat, yayım, maliyyə və biznes xidmətləri ilə məşğul olan Amerika media holdinqinin bir bölməsidir ki, əsas missiyası da rəqəmsal əsrdə tədrisin və peşəkar öyrənmənin keyfiyyətini yüksəltməkdir. Sözügedən qurum tibb və mühəndislik sahəsinə aid olan ədəbiyyatları özündə cəmləyir. Bu gün dünyanın onlarla ölkəsində 60-dan çox dildə tələbələr, aspirantlar və müəllimlər “McGraw Hill Education”ın elektron resurslarından uğurla istifadə edirlər. Belə ki, həm “McGraw Hill Education”, həm də dünyanın aparıcı məlumat və media şirkəti olan “Mildata” yaxın gələcəkdə Azərbaycana səfərləri çərçivəsində Mərkəzi Elmi Kitabxanada bazalarının təqdimatını edəcəklər. Həmin təqdimatda 2 və 3 aylıq tam təmənnasız şəkildə məlumat bazasının MEK oxucularının istifadəsinə verilməsi nəzərdə tutulur. Ümid edirik ki, bu əməkdaşlıq çərçivəsində MEK oxucularının yararlanacağı informasiya sahəsinin əhatəsi daha da genişlənəcək. MEK bundan sonra da oxucularına nümunəvi xidmət göstərərək daha geniş imkanlar yaradacaq və bunun sayəsində cəmiyyətdə mütaliə edənlərin sayı artacaq.
- Müsahiblərimizə daim uğurlar arzulayır və gələcək işlərində yeni nailiyyətlər diləyirik.
Müsahibəni apardı: Nərminə EFENDİYEVA, AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.