Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2021 11:28
  • A-
  • A
  • A+

“Heydər Əliyev məktəbi: dövlətçilik strategiyası, gender və müasir reallıqlar” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev məktəbi: dövlətçilik strategiyası, gender və müasir reallıqlar” mövzusunda tədbir keçirilib

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev məktəbi: dövlətçilik strategiyası, gender və müasir reallıqlar” mövzusunda tədbir keçirilib.

Yığıncağı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq, ulu öndəri “Heydər Əliyev məktəbi dərsləri” ilə anmanın akademiyada ənənə halına gəlməsindən danışıb. Müxtəlif formatlarda fərqli mövzu və yeni simalarla təşkil olunan dərslərin məqsədi ulu öndər ideyalarını öyrənmək, xüsusən gənc nəslə çatdırmaqdır. Akademikin sözlərinə görə, Heydər Əliyev bütün böyük və müdrik dühalar kimi yaşadığı dövrün mahiyyətini dərindən görüb, öz aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə Azərbaycan xalqı üçün çətin zamanlarda doğru qərar vermək qüdrətində olub.

Prezident İlham Əliyevi ulu öndər məktəbinin ən yaxşı davamçısı hesab edən İsa Həbibbəyli, onun öz uzaqgörən siyasəti ilə Azərbaycanı daima qabağa aparmasından, 44 günlük müharibədə böyük zəfər, hazırda Zəngəzur dəhlizi ətrafında müzakirələrdə bacarıqlı diplomat kimi fəaliyyətindən, müharibədən yeni çıxmış ölkədə ümumi rifahın yüksəldilməsinə yönəlmiş tədbirlərdən danışıb və qeyd edib ki, Prezident İlham Əliyevin ölkə daxilində və beynəlxalq aləmdə nümayiş etdirdiyi aydın siyasi mövqe, möhkəm iradə xalqımıza və ölkəmizə böyük nüfuz qazandırır, daha geniş üfüqlərə doğru addımlamağa güc və qüvvət verir.

AMEA-nın İctimai elmlər bölməsinin sədr müavini, İctimai elmlər üzrə problem şurasının sədri, akademik Nərgiz Axundova “Heydər Əliyev və müasir dövlətçilik” mövzusunda çıxışında konseptual məsələlərə toxunub. Möhkəm dövlət qurmaq üçün ulu öndərin iqtisadi, siyasi məsələlərlə yanaşı vətəndaş cəmiyyəti formalaşdırmaq  yönündə atdığı addımlardan danışıb, milli birlik platforması əsasında yetişən vətənpərvər gənclərin Qarabağı azad etməsini vurğulayıb.

Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, institutun Qadınlar şurasının sədri fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “Heydər Əliyev və qadın məsələsi” mövzusunda çıxışında ulu öndərin insani keyfiyyətlərindən, sadə xalqın ona böyük sevgisindən danışıb.

AMEA-nın Qadınlar şurasının sədri, professor Rəna Mirzəzadə “Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ulu Öndər haqqında” mövzusunda çıxışında Heydər Əliyev fondunun rəhbərinin böyük lider haqqında xatirələrindən, ondan öyrəndiklərindən danışıb.

AMEA-nınQadınlar Şurası sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Genderşünaslıq elmdə” mövzusunda çıxışında genderi nəzəri və praktik anlayış olaraq fərqləndirib, Azərbaycanda genderşünaslıq sahəsinin formalaşmasında Heydər Əliyevin Fərman və sərəncamlarının rolundan danışıb.

Tarix İnstitutunun Qadınlar şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Heydər Əliyev: cəmiyyət və qadın” mövzusunda məruzəsində dövlət qadın siyasətinin həyata keçirilməsində beynəlxalq və milli sənədlər, böyük rəhbərin şəxsi təşəbbüslərindən söz açıb.

Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Qəmbərova institutda Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün görülən işlərdən danışıb, professor Vüqar Əhmədin ulu öndərə həsr etdiyi şeiri səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: