Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Heydər Əliyev məktəbinin müdavimləri üçün “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçirilib.
Tədbirdə institutun rəhbərliyi, əməkdaşları və Heydər Əliyev məktəbinin müdavimləri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbiri açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında təbii sərvətlərinin mühafizəsi, ətraf mühitin qorunması və ekoloji problemlərin həlli istiqamətində mühüm addımlar atıb. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən ekoloji islahatlar, Azərbaycanın ekosistemlərinin mühafizəsinə yönəlmişdir. O, ekoloji təhlükəsizlik konsepsiyasını irəlilədərək, Azərbaycanın gələcək nəsilləri üçün sağlam və təhlükəsiz bir mühitin formalaşmasına şərait yaratmışdır.
Heydər Əliyev irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ətraf mühitin qorunması ilə bağlı irihəcmli layihələrə imzalanır, beynəlxalq platformalarda Azərbaycanın ekoloji siyasəti müvəffəqiyyətlə təmsil olunur. COP-29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin ekoloji məsələlərə olan diqqətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Hər birimiz ətraf mühitin qorunmasına və gələcək nəsillərə sağlam bir planet buraxmaq üçün birgə çalışmalı, Heydər Əliyev və İlham Əliyevin qoyduğu yolda irəliləməliyik.
Sonra ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda müdavimlərə ustad dərsi keçib. Professor məruzəsində qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yalnız ölkəmizin siyasi həyatına deyil, eyni zamanda ekoloji mühitin mühafizəsinə də müstəsna diqqət yetirmiş, Azərbaycanda ətraf mühitin qorunması, dayanıqlı inkişafı istiqamətinə böyük işlər görmüşdür.
Heydər Əliyevin hakimiyyəti dövründə ətraf mühitin qorunması sahəsində atılan addımlar, milli inkişaf strategiyasının ayrılmaz bir hissəsi olmuşdur. O, ekosistemlərin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və təbii sərvətlərin səmərəli istifadəsi üzrə müxtəlif proqramların hazırlanmasına rəhbərlik etmişdir.
Ulu öndər Heydər Əliyevin irəlilədiyi ekoloji siyasət, müstəqil Azərbaycanın gələcəyi üçün sağlam bir mühitin yaradılmasını təmin etdi. O, ekoloji təhsilin artırılması, ekosistemlərin mühafizəsi üçün elmi-tədqiqatların dəstəklənməsi, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atmışdır. Ümummilli Lider ekoloji problemlərin müzakirəsi üçün beynəlxalq platformalarda Azərbaycanın səsini yüksəldərək, ölkəmizi ekoloji liderlik mövqeyinə doğru irəlilətmişdir. Onun strategiyası, yalnız bu gün üçün deyil, həm də gələcək nəsillərimiz üçün sağlam və yaşıl bir mühitin təminatıdır. Heydər Əliyevin irsini yaşatmaq, onun ətraf mühitin qorunmasına verdiyi önəmi davam etdirmək, hər birimizin üzərinə düşən vacib bir vəzifədir.
Ulu Öndərmizin uğurlu siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin ətraf mühitə verdiyi dəyər çox böyükdür. Bu il Azərbaycanın ev sahibliyi ilə COP-29 tədbirinin Bakıda keçrilməsi buna nümunədir.
Sonda Azərbaycanda COP29, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması, işğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin bərpasına və s. dair tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.