Məlum olduğu kimi, AMEA və Fransanın Monpelye Universiteti arasında birgə tədqiqatların aparılması və doktorantura hazırlığı üzrə imzalanmış əməkdaşlıq sazişi əsasında 2018-2024-cü tədris illəri üzrə müştərək doktorantura proqramı həyata keçirilir. Doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar.
2018-ci ildən bəri bu proqram üzrə 6 doktorant təhsilini Monpelye Universitetində davam etdirir.
Müsahibimiz 2019-cu ildə elan edilən AMEA və Monpelye Universiteti arasında ikili diplom üzrə doktorantura müsabiqəsinin qalibi, Fizika İnstitutunun doktorantı Səid Paşayev Fransada təhsil aldığı müddətdə apardığı tədqiqatlar, Monpelye Universitetinin doktorantı olmağın təqdim etdiyi üstünlüklər və s. ilə bağlı suallarımızı cavablandırıb.
- Bildiyimiz kimi, AMEA Azərbaycan elminin dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, yüksəkixtisaslı kadr hazırlığı istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu istiqamətdə görülən işlərdən biri də Fransanın Monpelye Universiteti ilə əməkdaşlıq sazişinin imzalanması, ikili diplom üzrə doktorantura təhsilinin həyata keçirilməsidir. Bu imkanı qazanmış namizədlərdən biri də sizsiniz. Bu proqramdan istifadə sizə nə kimi üstünlüklər qazandırdı?
- Proqramdan istifadə AMEA ilə yanaşı, çoxillik təcrübəyə malik, dünyanın ən yaxşı 500 universiteti sırasında yer almış Monpelye Universitetinin doktorantı olmaq imkanı və bir çox üstünlüklər yaratdı. Proqrama qəbul olunmamışdan öncə rəhbərlərimiz arasında görüş keçirilir. Seçilmiş tədqiqat mövzusu üçün namizədlərin fəaliyyət göstərəcəkləri laboratoriyalarda müvafiq şəraitin olduğu müəyyən edilir, onlarla müsahibə keçirilir və uyğun namizədlər proqrama qəbul edilir. Tədqiqat mövzum demək olar ki, bütünlükdə sınaqların aparılmasından ibarətdir. Fəaliyyət göstərdiyim laboratoriyanın bütün zəruri avadanlıq və cihazlarla təchiz edilməsi eksperimentləri rahatlıqla aparmaq imkanı verir.
AMEA və Monpelye Universitetinin ikili diplom proqramının iştirakçısı olmaq dünya elminə inteqrasiya baxımından da böyük üstünlüklər təqdim edir. Belə ki, burada keçirilən beynəlxalq konfranslarda yaxından iştirak etmək imkanı əldə edirik. Bununla yanaşı, universitetdə çoxsaylı ölkələrin gəncləri təhsil aldığından müxtəlif ölkələrin elmi ilə də yaxından tanış olmaq üçün şərait yaranır.
- Tədqiqatınızın əsasını hansı istiqamətlər təşkil edir? Dissertasiya işinə dair hazırda hansı işlər görülür?
- Hazırda “Tək divarlı karbon nanoborunun içində məhdudlaşdırılmış suyun quruluşunun və faza keçidlərinin öyrənilməsi” mövzusunda apardığım dissertasiya işinin eksperimental bölməsi üzərində tədqiqatlar aparırıq. Tədqiqatımızın əsas məqsədi nano ölçüdə kompaniya olunmuş suyun öyrənilməsidir. Bu layihə həm bioloji, həm də texnoloji baxımdan geniş tətbiq sahələrinə malik olduğundan məhz bu iş üzrə tədqiqatlara başladıq. Bioloji baxımdan gələcəkdə həm xərçəng xəstəliklərinin, həm də insan orqanizmində olan nano kanalların daxilində baş verən proseslərin öyrənilməsini hədəfləyirik. Texnoloji istiqamətdə isə daha çox dəniz və ya digər suların təmizlənməsi proseslərinin tədqiqi nəzərdə tutulub. Hazırda bu suların təmizlənməsi üçün çoxlu sayda filtrlər tətbiq olunsa da, onların tez sıradan çıxması yeni tədqiqatların aparılmasını zəruri edir. İstifadə etdiyimiz texnologiya ilə daha uzun müddətli və dəniz suyunu duzlardan daha sürətlə təmizləyən filtrlərin yaradılması istiqamətində işlər aparılır.
- Fransada təhsil aldığınız müddətində hansı problemlərlə qarşılaşmısınız? Bu barədə məlumat verməyinizi xahiş edirik.
- Əsas problem koronavirus pandemiyası səbəbindən ölkəyə daxil olduqdan sonra karantində qalmağım və daha sonra Monpelye Universiteti laboratoriyasındakı avadanlıqlar üzərində yalnız bir nəfərin tədqiqatlar aparması ilə bağlı bir müddət tətbiq olunan məhdudiyyətlərlə əlaqədar idi. Belə ki, sərbəst olaraq avadanlıqlar üzərində tədqiqat aparmaq üçün əvvəlcə treninq keçmək tələb olunurdu, lakin tətbiq olunan məhdudiyyətlər buna imkan vermirdi.
- Burada fəaliyyət göstərən və ya təhsil alan azərbaycanlılarla əlaqələrinizdən bəhs edərdiz. Həmyerlilərimiz sizə hansı işlərdə dəstək olurlar?
- Monpelye şəhərində fəaliyyət göstərən azərbaycanlıların böyük dəstəyini hiss edirik. Hər həftəsonu təşkil olunan görüşlərdə apadığımız elmi tədqiqatlar və digər məsələlər ətrafında müzakirələr aparırıq.
Qeyd edim ki, AMEA ilə Monpelye Universiteti arasında bu proqram başlayana qədər ölkəmizi tanıyanların sayı çox az idi. Hazırda bu universitetdə Azərbaycandan təhsil alan 5 tələbəyik və proqrama əsasən tələbələrin sayının 10-a çatdırılması nəzərdə tutulur.
Deyə bilərəm ki, artıq Monpelye Universitetində Azərbaycan haqqında müəyyən qədər fikir formalaşıb. Fransada ölkəmizi layiqincə təmsil edə bilmək üçün bütün imkanlarımızı səfərbər etmişik.
-Monpelye Universiteti və AMEA-da tətbiq olunan doktorantura sistemində ortaq və fərqli cəhətlər nələrdir?
-Hər iki elmi qurumda tətbiq olunan doktorantura sistemində ekperimental işlərə böyük üstünlük verilir. Son zamanlar AMEA-da laboratoriyaların ən müasir cihaz və avadanlıqlarla təchiz olunması bu istiqamətdə aparılan işlərin dərinləşdirilməsinə imkan verir. Bununla yanaşı, deyə bilərəm ki, Monpelye Universitetində olduğum müddətdə çoxlu sayda seminarların təşkil olunduğunun şahidi oldum. Bu aparılan tədqiqatların daha geniş müzakirəsi, doktorantların tədqiqatlar zamanı rastlaşdıqları problemlərin aradan qaldırılması və oxşar sahədə tədqiqatlar aparan doktorantların müəyyənləşdirilərək birgə fəaliyyət göstərməsi baxımından olduqca vacibdir.
- Gələcəkdə tədqiqatlarınızı hansı istiqamətlər üzrə davam etdirməyi planlaşdırırsınız?
- Hazırda apardığımız tədqiqatda istifadə olunan karbon nanoboruların əsas xüsusiyyəti ondan ibarətdir ki, o, həm sensor funksiyasına, həm də digər bioloji tətbiqlərə malikdir. Azərbaycanda bu nanoboruların imkanları bir neçə istiqamətdə tətbiq oluna bilər. Gələcəkdə bu nanoborulardan gülləkeçirməz materialların, qaz sensorlarının hazırlanmasında istifadə etmək mümkündür.
Doktorantura təhsilimi bitirdikdən sonra post-doktorantura proqramı üzrə tədqiqatlarımı davam etdirməyi planlaşdırıram. Apardığım tədqiqat istiqaməti perspektivli sahələrdən olduğundan bu istiqamətdə tədqiqatların genişləndirilməsinə ehtiyac var.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.