Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2021 09:31
  • A-
  • A
  • A+

“Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans keçirilib

“Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AR Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans keçirilib.

Tədbiri giriş nitqi ilə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açıb.

Sonra Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, mərkəzin elmi katibi Cavid Əliyev, Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov, AMEA-nın Ədəbiyyat İnstitutunun İlkin yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova və AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev məruzə ilə çıxış ediblər.

Məruzəçilər Qarabağın ədəbi-mədəni keçmişi, XIX əsr ədəbi məclisləri və muğam-sənət tarixi, Qarabağ atları, Qarabağ müharibəsi ədəbiyyatda, XX əsr kino sənətində Qarabağ mövzuları ətrafında çıxış edərək qarabağşünaslığın yeni nailiyyətləri ilə konfrans iştirakçılarını tanış ediblər. Tədbirdə Qarabağ ədəbi mühitinin yetirmələri olan M.P.Vaqif, X.B.Natəvan, Q.Zakir, B.Şakir, M.Məmai, N.Vəzirov, Ə.Haqverdiyev və başqalarının yaradıcılığı daha çox diqqət mərkəzində olub. “Məclisi-üns”, “Məclisi-fəramuşan” ədəbi məclislərinin əlyazma nüsxələri haqqında da ətraflı məlumat verilib.

Konfrans çərçivəsində Əlyazmalar İnstitutunun hazırladığı “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” adlı sərgi və müəssisənin əməkdaşlarının Qarabağa dair nəşrləri də nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: