Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2021 10:20
  • A-
  • A
  • A+

Folklor İnstitutunda görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Folklor İnstitutunda görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

AMEA-nın Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Muxtar İmanov çıxışı zamanı Heydər Əliyevin hakimiyyətinin iki mərhələsinə -1969-1982-ci illər Sovet dövründəki və 1993-2003-cü illər müstəqillik illərindəki fəaliyyətinə diqqət çəkib. Akademik bildirib ki, bu iki zaman kəsiyində Heydər Əliyevin gördüyü işlərə nəzər salsaq, onun fəaliyyətini bir neçə istiqamətdə qiymətləndirə bilərik. İlk əvvəl vurğulamalıyıq ki, Ulu Öndərin siyasi, ictimai və iqtisadi sahələrdə gördüyü işlər, atdığı addımlar Azərbaycanın geridə qalmış respublikadan güclü ölkələr sırasına çıxmasında böyük əhəmiyyət daşıyıb. İnstitut rəhbəri bildirib ki, Heydər Əliyevi yad etmək təkcə onun xatirəsini əziz tutmaq yox, həm də onun fəaliyyətinə, gördüyü nəhəng işlərə nəzər salmaq, o işlərin kontekstində bu günümüzə, sabahımıza baxmaqdır.

Giriş nitqindən sonra institutun Folklor studiyasının Ümummilli Liderlə bağlı hazırladığı “Heydər Əliyev: dastanlaşan ömrün səhifələri” adlı sənədli film nümayiş olunub.

Daha sonra fil.ü.f.d., dos. Tahir Orucov “Heydər Əliyevin Azərbaycan tarixində rolu və onun Ümummilli Liderə çevrilməsinin səbəbləri” mövzusunda məruzə edib. Alim çıxışında bildirib ki, tarix yaratmaq, tarixə qızıl hərflərlə daxil olmaq hər şəxsə nəsib olmur. Bunun üçün həmin şəxsdə dərin zəka, istedad, bacarıq, dönməz iradə, siyasi uzaqgörənlik və hadisələri qabaqlamaq bacarığı olmalıdır. Bundan başqa liderlik istedadı olan şəxsdə xalqına və dövlətinə məhəbbət kimi ali insani xüsusiyyətlər də mövcud olmalıdır. Bütün bu cəhətləri özündə birləşdirən belə şəxsiyyətlərdən, liderlərdən biri də Azərbaycanın müasir tarixində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevdir. Məruzəçi çıxışının sonunda bildirib ki, Heydər Əliyevi dahi bir şəxsiyyətə çevirən əsas səbəblərdən biri də onun xalqı parçalanmaq təhlükəsindən qurtarması və Azərbaycanı dünyanın tanınan, stabil inkişaf edən dövlətlərindən birinə çevirməsi olub.

Fil.ü.f., dos. Şakir Albalıyev isə “Siyasi varis məsələsinin real həyatda gerçəkləşməsi” mövzusunda çıxış edərək Heydər Əliyevin böyüklüyünü, uzaqgörənliyini həm də onun İlham Əliyev kimi lider şəxsiyyət yetişdirməsində görüb.

Sonda institutun Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ağaverdi Xəlil “Heydər Əliyev: azərbaycanlılıq nümunəsi və azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə edib. O, Heydər Əliyevi Azərbaycan tarixində çox böyük xidmətləri olan şəxsiyyət kimi xarakterizə edib, Ümummilli Liderin bütün fəaliyyətini birləşdirən əsas istiqamətin Azərbaycana xidmət olduğunu diqqətə çatdırıb. Məruzəçi hər kəsin Ulu Öndərin qoyduğu Azərbaycan - Vətən konsepti ətrafında birləşdiyini və digər birləşdirici ünsür axtarmağa ehtiyac olmadığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: