Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2021 17:22
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Radiasiya Problemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunda sözügedən müəssisənin Qadınlar şurası ilə birgə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə istər iqtisadi-siyasi, istərsə də elm, təhsil, mədəniyyət və dövlət quruculuğu sahələrində gördüyü işlərdən, aparılmış islahatlar və onların nümunəvi nəticələrindən bəhs edib.

İ.Mustafayev bildirib ki, ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verən, elmtutumlu istehsal sahələrinin genişlənməsi bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi və elmimizin baş qərargahı olan bu mötəbər qurumun “Xalqlar dostluğu” ordeni ilə təltif olunması elm tariximizin parlaq hadisələrindən biridir.

Daha sonra natiq Ulu Öndərin fəaliyyəti dövründə elm və təhsil istiqamətində əldə olunmuş nailiyyətlərə dair statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışının sonunda İslam Mustafayev bildirib ki, son illər Akademiyada elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə ciddi islahatlar aparılıb və əhəmiyyətli işlər həyata keçirilib.

Tədbirdə çıxış edən institutun icraçı direktoru və Qadınlar şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində yorulmadan tərəqqisi üçün çalışdığı, böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə həmişə qürur duyduğu doğma vətəni Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

Rəvan Mehdiyeva, həmçinin bildirib ki, ölkəmizdə qadınların aktiv fəaliyyəti daim diqqət mərkəzində olub və Azərbaycan qadınına ən yüksək qiyməti də Ulu Öndər Heydər Əliyev verib.

Anım tədbirinin sonunda Ümummilli Liderin zəngin, yorulmaz və əvəzolunmaz fəaliyyətindən bəhs edən “Müstəqil Vətənin memarı” adlı sənədli film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: