Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.12.2021 09:44
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

İdarəetmə Sistemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İSİ-nin baş direktoru, akademik Əli Abbbasov çıxış edərək tədbirin müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimiz və inkişafımız naminə misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunduğunu bildirib. Ə.Abbasov qeyd edib ki, Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı olub: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, dünya məkanında öz layiqli yerini tutub”.

Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu bildirən Ə.Abbasov Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinə nəzər salıb. Qeyd edib ki, 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra ölkədə köklü dəyişikliklər baş verib. Ulu Öndərin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycan regionda ən qabaqcıl dövlətlərdən biri olub.

Azərbaycanın dövlətçilik tarixində çətin dövrlərdən olan XX əsrin 80-90-cı illərini ətraflı şəkildə xarakterizə edən Ə.Abbasov məhz həmin dövrdə xarici və daxili təzyiqlərdən, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, xalqın rifahı uğrunda apardığı mübarizədən, xalqa çağırışından bəhs edib. Vurğulayıb ki, Ulu Öndərin mübarizəsi, xalqa müraciəti müstəqillik uğrunda addımların atılmasına, dirçəlişə səbəb olub. Ümummilli Liderin uğurlu daxili və xarici siyasətindən bəhs edən İSİ-nin baş direktoru həmin dövrdə ölkənin mədəni irsinə, inkişafına, milli atributlarına verilən dəyərdən, imzalanan beynəlxalq əhəmiyyətli sənədlərdən söz açıb. Qeyd edib ki, onun rəhbərliyi ilə bir çox sahədə həyata keçirilən layihələr, atılan addımlar bu gün də öz bəhrəsini verməkdədir.

Ə.Abbasov Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafından danışaraq qeyd edib ki, bu dövr məhz güclü sənaye potensialının yaradılması və bütün sahələrdə sürətli inkişafla xarakterizə olunur: “Heydər Əliyevin Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də keyfiyyət dəyişiklikləri baş verib. Həmin dövr Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi, neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanıb və həyata keçirilməyə başlanıb. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılıb, təzə qurğular inşa olunub”.

Elm və təhsilin inkişafında Heydər Əliyevin misilsiz töhfələrindən söz açan Ə.Abbasov ölkə başçısı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına, ali təhsil müəssisələrinə, gənc kadr potensialının inkişafına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib. Akademik Ulu Öndərin dövlət-elm-istehsalat zəncirinin əsasını qoyduğunu, bununla da ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişaf baş verdiyini, paytaxtda və müxtəlif regionlarda istehsalat birliklərinin, elmi tədqiqat müəssisələrinin əsasının qoyulduğunu vurğulayıb.

Ə.Abbasov təhsildə önəmli addımlardan birinin də Azərbaycan təhsilinin hüdudlarının genişləndirilməsi olduğunu qeyd edərək XX əsrin 80-ci illərinin əvvəllərində ölkəmizin xaricə gənc kadr göndərilməsi üzrə regionda ilk sırada olduğunu bildirib.

Çıxışının sonunda Əli Abbasov Azərbaycan Respublikasının müasir dövrdə qüdrətinin və dinamik inkişafının təməlinin məhz dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasəti ilə bağlı olduğuu bir daha vurğulayaraq bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini deyib.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının, elm və təhsil müəssisələrinin inkişafında göstərdiyi mühüm diqqət və qayğıdan söz açıb. Alim müasir dövrdə inkişaf edən elektron dövlət sisteminin əsasının məhz Ulu Öndər tərfindən qoyulduğunu söyləyib. Qeyd edib ki, Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz görkəmli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 1970-80-ci illərdə elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilib, elektron avadanlıq istehsal edən zavodlar tikilib. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və digər elmi-tədqiqat müəssisələri yaradılıb. Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirilib. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri, kompüter şəbəkəsi, avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlanıb. T.Əliyev qeyd edib ki, sonralar Azərbaycanın müxtəlif bölgələrində elektron və cihazqayırma zavodları işə salınıb. Beləliklə, respublikada yeni və son dərəcə əlverişli bir sənaye sahəsi təşkil olunub.

Daha sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək Ümummilli Liderin Azərbaycanda elmin, gənc kadr potensialının inkişafına verdiyi töhfələrdən, müasir dövrün tələblərinə əsaslanan elmi qurumların yaradılmasına və yenidən qurulmasına göstərdiyi xüsusi diqqətdən danışıb.

Azərbaycanda gənc kadrların inkişafına göstərilən dəstəkdən, dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə qurulan əməkdaşlıqdan bəhs edən alim XX əsrin sonu - XXI əsrin əvvəllərində bu sahədə statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın intellektual potensialının gücləndirilməsinin Heydər Əliyev fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirən Ə.Sadıqov AMEA-ya göstərilən xüsusi diqqətdən də söz açıb. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdən bəhs edən İSİ-nin icraçı direktoru Ulu Öndərin 15 may 2001-ci il tarixli Fərmanı ilə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adının verildiyini qeyd edib. Bildirib ki, Ulu Öndər 2003-cü il yanvarın 4-də Milli Elmlər Akademiyasının Respublikada elmin inkişafını təşkil və təmin etdiyi, elmi müəssisə və ali məktəblərin fəaliyyətini əlaqələndirdiyi nəzərə alınaraq xüsusi Fərman imzalayıb. Həmin Fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi müəyyən edilib, həqiqi və müxbir üzvlərinin sayı artırılıb.

Ə.Sadıqov Ümummilli Liderin ölkənin inkişafındakı xidmətlərindən bəhs edərək qeyd edib ki, xalqımız bundan sonra da gələcək nəsillər üçün böyük məktəb olan Heydər Əliyevin zəngin siyasi irsindən faydalanacaq, ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyəcək.

 

Sonra dosent Rəna Əsədova çıxış edərək Heydər Əliyevin dünyaşöhrətli görkəmli lider olmaqla yanaşı, həm də böyük bir elm xadimi olduğunu bildirib. Qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir: “Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb”.

R.Əsədova Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı, çiçəklənməsi yolunda atılan addımlardan, siyasi-iqtisadi layihələrdən, elmə göstərilən diqqətdən ətraflı şəkildə bəhs edib. Dahi liderin siyasi irsinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, müasir Azərbaycanın inkişafı yolunda atılan addımlardan, əldə olunan uğurlardan danışıb.

Daha sonra dosent Rəşad Məstəliyev Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Qeyd edib ki, 1996-cı il fevralın 2-də Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alınıb. Bununla da dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırılıb. O, əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib.

Sonra professor Knyaz Məmmədov, i.ü.f.d. Aygün Əliyeva, r.e.d. İlqar Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova çıxış edərək müasir Azərbaycan dövlətinin qurucusu, dahi lider Heydər Əliyevin siyasi kursu, ölkənin inkişafına, elmə, ordu qurculuğuna və intellektual inkişafa göstərdiyi töhfələrdən bəhs ediblər.

Tədbirdə müəssisənin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən Ümummilli Liderin əziz xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Sonda Ə.Abbasov ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: