Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.12.2021 12:14
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Öncə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov çıxışında bildirib ki, Azərbaycan tarixinin XX əsrdə böyük bir dövrü məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Alim qeyd edib ki, 1993-cü ildə çox çətin bir dövrdə, faktiki siyasi və hərbi sahədə hərcmərcliyin hökm sürdüyü bir zamanda məhz Azərbaycan xalqının təklifi və tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi, qanunun aliliyini və təhlükəsizliyi bərpa etdi, respublikamızın dünya siyasi xəritəsindən silinməsi yönündə düşmən qüvvələrin məkrli planlarının qarşısını aldı.

Tədbirdə çıxış edən institutun şöbə müdiri, t.e.d., professor Hidayət Cəfərov vurğulayıb ki, Heydər Əliyev bütün həyatını xalqının müdafiəsinə, Azərbaycan dövlətinin inkişafına həsr etmiş nadir tarixi şəxsiyyətlərdəndir. O, öz çıxışında Ulu Öndərin Vətən və xalq üçün gördüyü işlərdən söz açaraq qeyd edib ki, Heydər Əliyev hakimiyyəti dövründə təhsilə, elmə xüsusi qayğı göstərib.

İnstitutun şöbə müdirləri, t.ü.f.d Emil Kərimov, t.ü.f.d Bəhlul İbrahimli çıxışlarında Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə ölkənin inkişafı üçün bütün sahələrdə göstərdiyi təşəbbüslərdən danışıb.

Tarix elmləri doktoru Güllü Məmmədli Heydər Əliyev ilə bağlı xatirələrindən söz açaraq, Ümummilli Liderin Türk xalqları ilə qardaşlıq yönümündə atdığı mühüm addımlardan söz açıb.

Tədbirdə institutun şöbə müdiri, t.e.d., professor Əsədulla Cəfərov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin ən çətin dönəmlərində xalqımızın xilaskarı olub. O, hələ 70-ci illərdə Qəbələdə Qafqaz Albaniyası irsinin məhv edilməsinin qarşısının alınmasında Ulu Öndərin siyasi iradəsinin başlıca rol oynamasını, 80-ci illərin əvvəllərində məhz H.Əliyevin göstərişi ilə Azıx mağarasının elmi önəmini dünyaya tanıtmaq üçün dörd dildə xüsusi elmi tədqiqatın nəşrinin hazırlanmasında təşəbbüskar olmasını qeyd edib.

Yığıncaqda çıxış edən institutun icraçı direktoru, t.ü.f.d Zaur Həsənov Ulu Öndərin Vətən və xalq sevgisindən bəhs edib.

Tədbirdən sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: