Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.12.2021 12:58
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun illik yekun hesabatı təqdim olunub

İqtisadiyyat İnstitutunun illik yekun hesabatı təqdim olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

İnstitutun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə baş tutan tədbirdə müəssisənin 2021-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işləri üzrə yekun illik hesabat dinlənilib.

İnstitutun icraçı direktoru v.i.e., dosent Allahyar Muradov yekun illik hesabatı təqdim edərək bildirib ki, 2021-ci ildə müəssisədə “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” (2019-2021-ci llər) mövzusunda tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı 20 dövlət qurumundan - 11 nazirlik və 9 dövlət komitəsi və agentliyindən daxil olmuş təkliflər nəzərə alınıb. İnstitutda 27 indeks üzrə ümumilikdə 24 tədqiqat qrupu yaradılıb və bu zaman əməkdaşların tədqiqat istiqaməti əsas götürülüb. İnstitutda 22 beynəlxalq reytinq üzrə aparılmış tədqiqatların nəticəsi olaraq 5 kitab nəşr edilib (Şəbəkə hazırlığı indeksi, Qlobal rəqabət qabiliyyəti indeksi, Biznes mühiti hesabatı, İqtisadi azadlıq indeksi və Xidmət sahələrinin reytinqi), daha 14 kitabın çapı nəzərdə tutulur.  

İnstitutun özünün hazırladığı 5 reytinq üzrə də tədqiqatlar aparılıb. Bunlar İS(S)İ - 2019: İqtisadi inkişaf strategiyasının seçilməsi imkanları, Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti indeksi, Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların iqtisadi inkişaf və diversifikasiya indeksi, Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların sosial-iqtisadi inkişaf indeksi və Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların iqtisadi potensialının reallaşdırılması indeksidir.

A.Muradov qeyd edib ki, Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişafı və Azərbaycanın iqtisadi və inzibati rayonlarında iqtisadi potensialdan istifadənin effektivliyi reytinqləri üzrə tədqiqatların nəticəsi olaraq, ilk dəfə Azərbaycan regionlarının iqtisadi inkişaf və diversifikasiya indeksi işlənib hazırlanıb. Bu tədqiqat Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında iqtisadi inkişaf və diversifikasiya səviyyəsini qiymətləndirmək məqsədi ilə yerinə yetirilib. Qiymətləndirmə müəlliflərin (professor Nazim İmanov və dosent Allahyar Muradov) işləyib hazırladıqları metodologiya əsasında aparılıb. Ciddi praktik əhəmiyyətə malik olan, regionlararası müqayisələrin aparılmasına imkan verən reytinq hazırlanıb. Tədqiqat Azərbaycanın bölgələri üzrə aparılsa da, təklif edilən yanaşma, prinsip etibarilə, universal səciyyəlidir və digər ölkələrdə də regionlararası qiymətləndirmələr aparılmasına imkan verir.

AMEA-nın müxbir üzvü Şahbaz Muradovun apardığı tədqiqatlar əsasında “Azərbaycanın demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)” kitabı nəşr edilib.  Monoqrafiyada ilk dəfə olaraq zəngin tarixi, rəsmi statistik və elmi mənbələrin məlumatları əsasında 280 ilə yaxın tarixi dövr ərzində (1828-2020-ci illərdə) müxtəlif siyasi quruluşları özündə ehtiva edən dövrdə demoqrafik proseslərdə baş verən dəyişikliklər, urbanizasiya məsələləri ilə bağlı kompleks araşdırma apaşdırılıb. Tədqiqat işində demoqrafik dəyişikliklərə təsir edən amillər tədqiq edilərək qiymətləndirilib, yaxın və uzaq gələcək üçün ölkənin demoqrafik inkişaf vəziyyətinin prioritet istiqamətləri müəyyənləşdirilib və onların nizamlanmasında dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdikləri görüşdə İqtisadiyyat İnstitutunun 3 alimi - professorlar Nazim İmanov, Akif Musayev və Tərbiz Əliyev də iştirak ediblər.

Hesabatda qeyd olunub ki, İqtisadiyyat İnstitutu dövlət qurumları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamının icrası məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış 18 işçi qrupunun 8-də  İqtisadiyyat İnstitutu ekspertlər səviyyəsində təmsil olunur.

A.Muradov məlumat verib ki, İqtisadiyyat İnstitutu işğaldan azad edilmiş Qarabağın gələcək iqtisadiyyatı ilə bağlı ciddi elmi araşdırmalar aparır, bu sahədə dövlət və hökumət qurumlarına elmi dəstək verir. Belə ki, ADA universiteti ilə birgə “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflər hazırlanması” və İqtisadiyyat Nazirliyinin sifarişi ilə “Post-konflikt ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstün sahələrinin müəyyənləşdirilməsi” layihələri həyata keçirilir. Həmin layihələrin rəhbəri İqtisadiyyat İnstitutunun baş direktoru Nazim  İmanovdur. Habelə bu ilin iyun ayında Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə bir qrup iş adamı üçün Şamaxıda “Post-konflikt ərazilərin bərpası: biznes imkanları” mövzusunda təlimlər təşkil olunub. Oktyabr ayında Tərtər rayonunda “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərdən başlanan yol” mövzusunda dəyirmi masa keçirilib. İnstitutun əməkdaşları tərəfindən Qarabağla bağlı elmi məqalələr yazılıb, mətbuatda məqalələr çap olunub, televiziyalarda 70-dən artıq çıxışlar edilib.

2021-ci ildə institutda müxtəlif aktual iqtisadi mövzuları əhatə edən 28 elmi seminar keçirilib. İl ərzində müəssisə əməkdaşları 10-dan çox beynəlxalq onlayn konfrans və forumda,  ölkə səviyyəli 15-ə yaxın videokonfransda iştirak ediblər.

A.Muradov bildirib ki, İqtisadiyyat İnstitutu elmi-tədqiqat işləri ilə yanaşı, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da yaxından iştirak edir. Onun sözlərinə görə, hazırda institutda 82 doktorant və dissertant, 3 magistrant təhsil alır. Onlardan 20-si elmlər, 62-si fəlsəfə doktorluğu hazırlığı üzrədır. Bu il müəssisənin üç şöbə müdiri elmlər doktorluğu dissertasiya işini, daha üç əməkdaş fəlsəfə doktorluğu dissertasiya işini müdafiə edib, 7 iş isə müdafiəyə hazırdır.

2021-ci ildə İqtisadiyyat İnstitutunun əməkdaşlarının bütövlükdə 257 əsəri, o cümlədən 50-dən çoxu xaricdə çap olunub. Onlardan 11-i kitab və monoqrafiyadır. “Web of Scinece”, “Scopus” bazasına daxil olan nəşrlərdəki məqalələrin sayı 12-dir. Bu il institutun kitab fonduna 488 nüsxə ədəbiyyat daxil olub.

İqtisadiyyat İnstitutunun fəaliyyəti 2021-ci ildə də KİV-də geniş işıqlandırılıb. İnstitutun birbaşa fəaliyyəti ilə bağlı 250-dən artıq xəbər hazırlanaraq economics.com.az internet saytında yerləşdirilib. 128 ölkədən izlənən sayta baxış sayı 720 mindir. Sayt daha çox Rusiya (daxil olmaların 6,4%-i), ABŞ (daxil olmaların 6,1%-i), Avropa Birliyi (1,9 %),  Türkiyə (1,2%), Ukrayna (0,9%), Almaniya, Böyük Britaniya, İrlandiya, İspaniya, Çin, Gürcüstan, İran, Belarus və s. ölkələrdə oxucular tərəfindən izlənilir. 2019-cu ildə yaradılmış institutun YouTube kanalında 115, o cümlədən 2021-ci ildə 62 videomaterial yerləşdirilib. Bu videolar İqtisadiyyat İnstitutunun alimlərinin ölkəmizin tanınmış və aparıcı televiziya kanallarına müsahibələrini, verilişlərdə ekspert qismində iştiraklarını əhatə edir.  Habelə il ərzində institutun fəaliyyəti ilə bağlı müxtəlif KİV-lərdə 300-dən artıq xəbər yayılıb.

İclasda Elmi şuranın üzvləri – AMEA-nın müxbir üzvləri Qorxmaz İmanov, Akif Musayev, professorlar - Tərbiz Əliyev, Tofiq Hüseynov, dosentlər – Mayis Gülalıyev, Rəsmiyyə Abdullayeva, Mahir Zeynalov və digərləri çıxış ediblər. Səsvermə yolu ilə təqdim olunan illik hesabat və institutun 2021-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Sonda Nazim İmanov çıxış edərək illik hesabata, görülən işlərə, qaldırılan məsələlərə öz münasibətini bildirib, Qarabağda yeni iqtisadiyyat quruculuğu ilə bağlı tədqiqatlardan, hökumət və dövlət qurumları ilə sıx əməkdaşlıqdan, birgə layihələrdən, habelə institutun başlıca hədəfləri və qarşıda duran əsas vəzifələrindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: