Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.12.2021 14:35
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun illik hesabat iclası keçirilib

Şərqşünaslıq İnstitutunun illik hesabat iclası keçirilib

Dekabrın 15-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

İclasda institutun baş direktoru, akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisənin 2021-ci ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.

Hesabatda 2021-ci ildə institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri istiqamətində araşdırmalar apardıqlarını və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdiklərini qeyd edib. Onun sözlərinə görə, cari ildə müəssisə əməkdaşları elmi-tədqiqat işlərini 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıblar. Plan üzrə icra olunan 99 elmi-tədqiqat işindən 46 iş bu il başa çatıb, qalan işlərin 2021-ci il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.

İl ərzində institutda 32 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, 2 kitab isə hazırda çapdadır. Hesabat dövründə institut əməkdaşlarının 150-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 40 elmi məqalə xaricdə (Türkiyə, İordaniya, Misir, Liviya, Rusiya, İran, Özbəkistan, Ukrayna, Almaniya, Fransa, Norveç,  Polşa, Meksika, ABŞ, Avstraliya, Yaponiya və s.) nəşr edilib.

2021-ci ildə müəssisənin əməkdaşları 43 dəfə xaricdə (Yaponiya, Rusiya, İsveçrə, Qazaxıstan, Türkiyə, Ukrayna, ABŞ, Fransa) və 50 dəfə Azərbaycanda keçirilən cəmi 93 beynəlxalq elmi konfransda məruzə ediblər. Hesabatda il ərzində xarici ölkələrin səfir və digər diplomatik nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, kadr hazırlığı və digər məsələlər barədə də məlumat verilib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb.

İclasın sonunda AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini, akademik Nərgiz Axundova çıxış edərək Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, qurumun 2021-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: