Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2021 10:52
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib.

Tədbirdə institutun 2021-ci il üçün illik hesabatı dinlənilib.

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, filologiya elmlər doktoru, professor Nadir Məmmədli tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı olduğunu deyib.

Sonra sözügedən müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva 2021-ci ildə görülən işlər barədə hesabatla çıxış edib.

A.Məşədiyeva bildirib ki, hesabat ili ərzində institutun əməkdaşlarının 20 monoqrafiyası (3-ü xaricdə), 267 (5 impakt faktorlu, 55-i xaricdə dərc olmaqla (Rusiya, Çexiya, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan) məqaləsi çap olunub.

Aynel Məşədiyeva qeyd edib ki, il ərzində institutun baş direktoru, filologiya elmlər doktoru, professor Nadir Məmmədlinin 6 elmi və elmi-publisistik məqaləsi, 1 monoqrafiyası və 1 kitabı çap olunub. Nadir Məmmədlinin “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (Ali məktəblər üçün dərslik)” adlı monoqrafiyası institutun mühüm nəticəsi kimi AMEA-nın Humanitar Elmlər bölməsinə təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə Azərbaycan dialektologiyası şöbəsində  ikinci böyük layihənin həyata keçirilməsi başa çatıb.

“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlasının proqramı”, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji lüğəti”, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur şivələri” monoqrafiyası hazırlanıb, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Kəlbəcər, Xocalı, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi rayonlarından toplanmış materiallar tədqiqat işində önəmli yer tutub. Həmin rayonlardan yalnız dialektoloji material deyil, həm də Qarabağın tarixi abidələrini, etnoqrafiyasını, kulinariyasını, təbiətini, I və II Qarabağ müharibəsini, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar da toplanılıb. Hazırda “Azərbaycan dialektoloji atlası”nın nəşri ilə bağlı işlər davam edir.

Aynel Məşədiyeva çıxışında vurğulayıb ki, 2021-ci ilin “Nizami ili” elan edilməsilə əlaqədar Dilçilik İnstitutunda Nizami yaradıcılığı ilə bağlı 1 kitab nəşr olunub, 1 elmi sessiya və 1 elmi seminar keçirilib.

Elmi katib, həmçinin elmi-tədqiqat işləri, institut tərəfindən keçirilmiş digər konfranslar, sessiyalar, seminarlar və yubileylər, eləcə də institutun nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə çap olunmuş məqalələr haqqında məlumat verib.

Daha sonra professorlar Qəzənfər Kazımov, İsmayıl Kazımov, Sayalı Sadıqova, elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, institutun İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü hesabatla bağlı fikirlərini bildiriblər.

İclasda çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov institutun illik hesabatını çox yüksək qiymətləndirib. Akademik Dilçilik İnstitutunun yeni direktorunu təbrik edib, ona uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: