Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.05.2015 00:00
  • A-
  • A
  • A+

“Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans öz işinə başlayıb

“Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans öz işinə başlayıb

Mayın 1-də AMEA Fəlsəfə və Hüquq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Azərbaycan Respublikası Konstitusiyasının 20 illiyinə həsr olunmuş “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Əvvəlcə institutun foyesində ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.

Konfransda azərbaycanlı alimlərlə yanaşı, Rusiya və Türkiyənin bir sıra institut və universitetlərindən nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor İlham Məmmədzadə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında dönüş yaratdığını, bu gün onun irsinin tanıdılmasının həm ölkədə, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov çıxış edərək müstəqil Azərbaycanın quruculuq siyasətində, hüquqi dövlət kimi formalaşmasında Heydər Əliyevin rolundan, ölkənin ictimai-siyasi həyatındakı xidmətlərindən söz açıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkəmizdə insan hüquqlarının təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə qəbul olunan qanunlardan, digər hüquqi-normativ aktlardan, həyata keçirilən ardıcıl tədbirlərdən söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci il iyunun 18-də Azərbaycanda ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən, beş bənddən və 48 maddədən ibarət İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı bu sahədə xüsusi əhəmiyyət daşıyan sənəd olub.

Daha sonra Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizdə demokratik dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışıb. Bildirib ki, bu gün ölkədəki sağlam ictimai-siyasi mühit, bütün sahələrdə uğurlu inkişaf, qazanılmış nailiyyətlər, dövlətimizin artan nüfuzu ümummilli liderin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. S.Salmanova ilk milli Konstitusiyanın ulu öndər Heydər Əliyevin dərin zəkası, zəngin təcrübəsi nəticəsində hazırlandığını diqqətə çatdırıb: “Ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə yaradılmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır”.

Tədbirdə Milli Məclisin deputatları Eldar İbrahimov, Rafael Cəbrayılov, Jalə Əliyeva, Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev, Rusiya Federasiyasının Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının prezidenti, professor Maçkeviç İqor Mixayloviç və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar,konfransın işinə uğurlar arzulayıblar.

Konfransda müstəqilliyin ilk illərində çətin və mürəkkəb bir şəraitdə ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki müdrik siyasəti bir örnək və nümunə olaraq Azərbaycan Respublikasının ilk milli Konstitusiyası kontekstində müqayisəli şəkildə təhlil olunub, bu siyasətin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: